
"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Özbəkistana səfəri sadəcə iki dövlətin deyil, iki ayrı-ayrı regionun yaxınlaşması baxımından növbəti əhəmiyyətli hadisə oldu. Səfər çərçivəsində Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə imzalanmışdır. Bu Müqavilə Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə institusional inteqrasiyasının tərkib hissəsidir".
Newscenter-az xəbər verir ki, bunları siyasi şərhçi Elçin Ağamalı deyib. Onun sözlərinə görə, ölkə prezidenti cənab İlham Əliyev hər zaman qeyd etmişdir ki, Azərbaycanın xarici siyasətinin prioritet istiqaməti türk dövlətləridir:

"Eyni zamanda Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə inteqrasiyası sadəcə Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasındakı münasibətləri inkişaf etdirmir, eyni zamanda Cənubi Qafqaz-Mərkəzi Asiya münasibətlərini formalaşdırır və inkişaf etdir. Dövlətimizin türk dövlətləri ilə birlikdə formalaşdırdığı geosiyasi və geoiqtisadi münasibətlər eyni zamanda qonşu dövlətləri-Gürcüstan və Ermənistanı da əhatə edir".
Elçin Ağamalı bildirib ki, Cənab İlham Əliyevin qeyd etdiyi kimi bu iki region artıq eyni geosiyasi maraqların təmin olunduğu vahid coğrafi məkana çevrilir:
"Böyük bir coğrafi ərazini əhatə edən birliyin kilid dövləti isə məhz Azərbaycandır. Geosiyasi maraqların kəsişdiyi, hərbi, iqtisadi və siyasi təzyiqlərin mövcud olduğu zamanda bu çağırışlara qarşı dayanmağın yolu məhz güclü regional güc mərkəzinin formalaşmasından keçir. Cənubi Qafqazın və Mərkəzi Asiyanın birlikdə formalaşdırdığı vahid geosiyasi güc isə artıq real və qəbullanması şübhə doğurmayan bir güc mərkəzidir".
Süleyman












































