
"Rusiyanın Ermənistandakı əlaltıları sıradan çıxdıqca Kreml narahat olmağa başlayır. Çünki bu əlaltılar Rusiyaya on illər xidmət ediblər və onların həbsi Kreml üçün böyük itkidir. Eyni zamanda indiki şəraitdə yeni əlaltı yetişdirmək də çətin məsələdir. Artıq erməni cəmiyyətində Rusiyanın əlaltısı olmaq üçün insan resursu yetişdirmək praktiki olaraq ancaq Rusiya ilə əməkdaşlıq etmiş keçmiş strukturlardan qalan insanlarla mümkün idi. Artıq onlar son dövrlərin proseslərində tamamilə öz əhəmiyyətini itirdikləri üçün erməni cəmiyyətində onların nüfuzu yox olub. Yeni nəsil isə Qərb təfəkkürünün arxasınca gedir. Lakin Kreml zəif duruma düşdüyünü açıq deyə bilmədiyi üçün narahatlıq keçirdiyini bildirməklə kifayətlənir".

Newscenter.az xəbər verir ki, bunları ƏHD Partiyasının ictimai-siyasi məsələlər üzrə katibi Azər Qasımov son günlər Ermənistanda baş verən prosesləri şərh edərkən deyib. O bildirib ki, Moskvanın Ermənistana açıq müdaxilə etmək imkanları məhduddur, hətta yox səviyyəsindədir:
"Ancaq iqtisadi təzyiqlər edilir. Bu da ciddi nəticə vermir. Qərb və Avropa bu təzyiqləri neytrallaşdırır. Dəmir yollarının Rusiyanın əlindən alınacağı qorxusu Rusiyanı Cənubi Qafqazdan birdəfəlik çıxarılması təhlükəsi ilə üz-üzə qoyur. Amma Ermənistan bunu tədricən etməkdə maraqlıdır. Əslində hər belə fikirlərin arxasında Rusiyadan nəsə qoparmaq iddiası dayanır".
Süleyman












































