
"Ermənistanda son günlər baş verən proseslərə və Rusiyanın reaksiyasına baxmayaraq Moskvanın hazırda Ermənistanda birbaşa müdaxilə ssenarisinə keçməsi ehtimalı yüksək deyil. Bunun bir neçə səbəbi var. Birincisi, Rusiya Ukrayna müharibəsi və Qərblə qarşıdurma fonunda Cənubi Qafqazda əlavə və açıq siyasi böhran yaratmaqda, ikinci cəbhə açmaqda maraqlı deyil. İkincisi, Moskvanın Ermənistandakı əvvəlki təsir mexanizmləri əhəmiyyətli dərəcədə zəifləyib".
Bunları Newscenter.az-a politoloq Yusif Bağırzadə deyib. O bildirib ki, İrəvan KTMT-də fəaliyyətini faktiki dayandırıb, Avropa İttifaqına üzvlük istiqamətində siyasi kursunu gücləndirib və Rusiya ilə münasibətlərdə bir sıra strateji məsələlərə yenidən baxır:
"Lakin bu, o demək deyil ki, Rusiya tamamilə susacaq və proseslərə təsir göstərməyə çalışmayacaq. Əksinə, Rusiyanın siyasi, iqtisadi və informasiya təsirinin artıracağı gözləniləndir və bunun ən aktual nümunəsi də elə dəmir yolu məsələsidir. Rusiya Xarici İşlər Nazirliyi açıq şəkildə bildirib ki, Qərb Ermənistan rəhbərliyinə “Rusiya faktorunu” nəqliyyat sektorundan çıxarmaq üçün təzyiq göstərir və bunun müqabilində investisiyalar vəd edir. Moskva hətta İrəvanın şantaj olunduğunu iddia edib.
Məlumdur ki, Ermənistanın dəmir yolu sisteminin idarəçiliyi 2008-ci ildən Rusiya tərəfinin konsessiyasındadır və müqavilənin müddəti 30 ildir. Baş nazir Nikol Paşinyan isə hazırkı Rusiya idarəçiliyinin beynəlxalq investorlara və yükdaşıyıcılara maneələr yaratdığını bildirərək konsessiyanın üçüncü tərəfə ötürülməsi variantını gündəmə gətirib.
Bu baxımdan Kremlin hansısa addımlar atacağı gözləniləndir. Amma bu heç bir halda hakimiyyət dəyişikliyinə gətirib çıxarmayacaq".
Yusif Bağırzadənin sözlərinə görə, Rusiya çalışacaq ki, Ermənistanı tamamilə Qərbin orbitinə keçməkdən çəkindirsin:
"Bunun üçün Rusiya iqtisadi asılılıqlardan, nəqliyyat və enerji imkanlarından, Rusiyadakı erməni diasporunun əlaqələrindən və Ermənistan daxilindəki siyasi qüvvələrdən istifadə edə bilər. Hətta yaxın günlərdə həbslərlə bağlı geniş etiraz aksiyalarının təşkil olunacağı da mümkündür.
Başqa sözlə Kremlin indiki şərtlər daxilində əsas məqsədi Paşinyan hökumətini devirmək yox, çünki bunun üçün real alətlər yoxdur, Rusiyanın Ermənistandakı strateji mövqelərinin qorunmasından ibarətdir. Əgər İrəvan dəmir yolu, enerji, təhlükəsizlik və iqtisadi inteqrasiya sahələrində Rusiyanın rolunu sürətlə azaltmağa davam edərsə, Moskvanın təzyiq alətlərindən daha fəal istifadə etməsi ehtimalı artacaq".
Süleyman












































