
"Azərbaycanda qəribə sosial iyerarxiya yaranıb. Ən yuxarı mərtəbədə pulu, məşhurluğu və ətrafında xüsusi çevrəsi olan bloqerlər. Onların altında isə onlara çatmağa, onlarla dostlaşmağa, eyni məclisdə görünməyə çalışan digər bloqerlər. Sonra daha aşağı mərtəbələr: gənclər, tanışlar, izləyicilər, “filankəsin dostunun dostu” olanlar. Yəni bloqerlik də artıq sinif sisteminə çevrilib".
Newscenter-az xəbər verir ki, bunları təhsil işçisi, müəllimə Kəmalə Bayramova deyib. Onun sözlərinə görə, ən maraqlısı isə odur ki, cəmiyyətin böyük hissəsi artıq bloqer həyatı yaşamaq istəyir:
"Onlar kimi geyinir, danışır, restoranlara gedir, foto çəkdirir, “həyatım möhtəşəmdir” görüntüsü yaradır. Baxırsan, Instagram və TikTokda Azərbaycan həyatı möhtəşəmdir. Biri yeyir, biri bişirir, biri gəzir, biri alış-veriş edir, biri oteldədir, biri restorandadır. Deyirsən, bu ölkədə həyat nə qədər firavan imiş! Sonra küçəyə çıxırsan camaat işdən, puldan, qiymətlərdən, dolanışıqdan danışır".
Kəmalə Bayramova qeyd edib ki, bir də reklam məsələsi var:
"Əvvəllər restoranların, mağazaların, məhsulların reklamını televiziyada görürdük. İndi reklamın yeni televiziyası bloqerlərdir. Bir vaxtlar ekran qarşısında reklam edənlər vardı, indi telefon ekranının qarşısında reklam edirlər. Sadəcə kanal dəyişib.
Ən gülməlisi də budur ki, özünü cəmiyyətə nümunə kimi təqdim edən bəzi bloqerlər bir anda hüquqşünasa, siyasi analitikə, polis əməkdaşına, hətta dövlət idarəçisinə çevrilirlər.
Kim kimi şikayət edib, hansı maddə tətbiq olunur, polis nə etməlidir, nazir nə deməlidir hamısını bilirlər.
Adam bir anlıq düşünür: bunlar bloqerdir, yoxsa yeni dövlət idarəetmə sistemi?".
Kəmalə Bayramova hesab edir ki, problem bloqerlikdə deyil:
"İnsan pul qazansın, reklam etsin, öz həyatını paylaşsın buyursun. Problem ondadır ki, cəmiyyətin ölçü vahidi dəyişir. Elm adamının, müəllimin, həkimin, mühəndisin, sənətçinin, araşdırmaçının, zəhmətlə bir iş quran insanın cəmiyyətdə yaratdığı dəyər görünməz olur. Əvəzində kim daha çox izlənir, kim daha bahalı geyinir, kim hansı restoranda oturur, kim kiminlə dostdur əsas məsələ buna çevrilir. Sonra da təəccüblənirik ki, niyə uşaqlar gələcəkdə nə olmaq istədiklərini soruşanda peşə yox, məşhur olmaq arzusundan danışırlar. Çünki biz onlara yeni bir uğur modeli göstəririk. Oxumaq yox — görünmək. Nəsə yaratmaq yox — göstərmək. Cəmiyyətə fayda vermək yox — izlənmək. Savad yox — auditoriya. Peşə yox — “personal brand”. Belə getsə, gələcəkdə ən böyük sosial status “filan bloqerin bloqeriyəm” olacaq. Yəqin ki, bunun da təsdiqlənməsi üçün ayrıca sertifikat verəcəyik".
Süleyman












































