
Sentyabrın 1-də Qırğız Respublikasının paytaxtı Bişkek şəhərində keçirilən “ŞƏT plyus” formatında görüşdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çıxışı ölkəmizin regional və beynəlxalq müstəvidə artan rolunu, həyata keçirdiyi sülh siyasətini və çoxtərəfli əməkdaşlığa verdiyi önəmi bir daha nümayiş etdirdi.
Dövlət başçımızın çıxışında Azərbaycan-Qırğızıstan münasibətlərinin yüksək inkişaf dinamikası xüsusi vurğulandı. Cəmi bir ay əvvəl iki qardaş ölkə arasında müttəfiqlik münasibətləri haqqında Müqavilənin imzalanması əlaqələrimizin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu göstərir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Qırğızıstanın sosial-iqtisadi inkişafı və beynəlxalq nüfuzunun möhkəmlənməsi ilə bağlı səmimi fikirləri xalqlarımız arasındakı dostluq və qardaşlıq bağlarının möhkəm təməllər üzərində qurulduğunu təsdiqləyir.
Azərbaycan Prezidenti öz çıxışında Cənubi Qafqazda yaranmış yeni geosiyasi reallıqlara da xüsusi diqqət yetirdi. Bir ildən artıq müddət əvvəl Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətninin paraflanması regionun gələcəyi baxımından mühüm tarixi hadisədir. Otuz ilə yaxın davam edən münaqişədən sonra Cənubi Qafqazın qarşıdurma məkanından əməkdaşlıq və sülh məkanına çevrilməsi üçün real imkanlar yaranıb.
Xüsusilə qeyd edilməlidir ki, Azərbaycan bu gün regionda yalnız sülhdən danışan deyil, həm də sülhün praktiki əsaslarını yaradan dövlətdir. Ermənistanla iqtisadi və nəqliyyat əlaqələrinin inkişafı, qarşılıqlı ticarətin artırılması, tranzit imkanlarının genişləndirilməsi istiqamətində aparılan işlər Azərbaycanın gələcəyə hesablanmış konstruktiv siyasətinin bariz nümunəsidir.
Prezident İlham Əliyevin BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnamənin taleyi ilə bağlı səsləndirdiyi fikirlər isə beynəlxalq hüququn tətbiqində mövcud olan ikili standartlara diqqəti yönəldir. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin öz gücü, xalqın iradəsi və dövlətimizin qətiyyətli siyasəti nəticəsində bərpa olunması tarixi ədalətin təntənəsidir. Lakin bu proses eyni zamanda beynəlxalq təşkilatların qəbul etdikləri qərarların icrası üçün daha səmərəli və təsirli mexanizmlərə ehtiyac olduğunu da ortaya qoyur.
Bu gün Azərbaycan artıq qalib və suveren dövlət kimi beynəlxalq münasibətlər sistemində fəal rol oynayır. Ölkəmiz regional əməkdaşlığın təşviqi, sülhün möhkəmləndirilməsi, nəqliyyat və enerji təhlükəsizliyinin təmin olunması, çoxtərəflilik prinsiplərinin inkişaf etdirilməsi istiqamətində mühüm təşəbbüslərlə çıxış edir.
Prezident cənab İlham Əliyevin Bişkekdəki çıxışı bir daha göstərdi ki, Azərbaycan yalnız öz milli maraqlarını uğurla təmin edən dövlət deyil, eyni zamanda daha ədalətli, təhlükəsiz və əməkdaşlığa əsaslanan beynəlxalq münasibətlər sisteminin formalaşmasına töhfə verən etibarlı tərəfdaşdır.
Azərbaycanın yaratdığı yeni reallıqlar Cənubi Qafqazın gələcək inkişafı üçün geniş perspektivlər açır. Məhz möhtərəm cənab Prezidentimiz İlham Əliyevin uzaqgörən və prinsipial siyasəti nəticəsində ölkəmiz bu gün həm regionda, həm də qlobal miqyasda söz sahibi olan, sülh və əməkdaşlıq gündəliyini irəli sürən güclü dövlət kimi çıxış edir.
Fatma Yıldırım,
Milli Məclisin deputatı












































