
“İnci” Məcburi Köçkün Qadınlar İctimai Birliyi Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyi ilə Qarabağ Dirçəliş Fondunun birgə qrant müsabiqəsi və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) ilə tərəfdaşlıq çərçivəsində “Azad edilmiş ərazilərdə uşaqların mina təhlükəsi barədə maarifləndirilməsi” adlı layihəsini icra edir.

Newscenter.az xəbər verir ki, layihənin əsas məqsədi uşaq və gənclərin mina və partlayıcı qalıqlar təhlükəsi barədə bilik və bacarıqlarını interaktiv, oyun-əsaslı və yaradıcılıq yönümlü qeyri-formal təhsil metodları ilə artırmaq, təhlükəli ərazilərdən qorunma vərdişlərini formalaşdırmaqdan ibarətdir. Layihə işğaldan azad edilmiş Füzuli, Cəbrayıl və Zəngilan şəhərlərində icra olunur və hər 3 rayon üzrə uşaq və yeniyetmələr arasında interaktiv maarifləndirmə məşgələlərinin təşkili, uşaq və yeniyetmələr arasında Cəbrayıl şəhərində isə “Təhlükəsiz oyun meydançası- idman festivalı”nın, Füzuli şəhərində isə "Mina təhlükəsi rəsmlərdə rəsm müsabiqəsinin həyata keçirilməsi nəzərdə tutulur.

Fəaliyyət planına uyğun olaraq, növbəti tədbir işğaldan azad olunmuş ərazidə salınmış Füzuli şəhərində 02 sentyabr 2026-cı ildə uşaqların qeyri-formal üsullarla mina təhlükəsi barədə maarifləndirilməsi üzrə interaktiv maarifləndirmə fortmatında həyata keçirilmişdir. Tədbiri Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı Suqra Cəfərova açaraq qonaqları salamlamış, həyata keçirilən layihəni yüksək qiymətləndirmiş, tədbirin postmüharibə dövründə ciddi fəsadlar yaradan mina və partlamamış hərbi sursatların (PHS) yaratdığı təhlükə ilə bağlı uşaqların maarifləndirilməsi və təhlükəsizliyi baxımından xüsusi əhəmiyyətini qeyd edib.

“İnci” Məcburi Köçkün Qadınlar İctimai Birliyi sədri, layihə rəhbəri Jalə Teymurlu layihənin məqsəd və vəzifələri, layihə çərçivəsində həyata keçiriləcək fəaliyyətlər haqqında geniş məlumat vermişdir. Füzuli şəhəri Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin əməkdaşı Elcan Əsgərov həyata keçirilən layihənin qeyri-formal üsullarla, xüsusən də rəsm müsabiqəsi və incəsənət vasitəsilə uşaqların maarifləndirilməsinin maraqlı ideya olduğunu qeyd etmiş, tədbirin gedişinə uğurlar arzulamışdır. ANAMA-nın əməkdaşı Cabir Səmədov çıxış edərək, mina və partlamamış hərbi sursatların yaratdığı təhlükə barədə əhalinin maarifləndirilməsi istiqamətində qurumun gördüyü işlər haqqında məlumat vermiş, QHT-lərlə əməkdaşlıq çərçivəsində görülən işlərin xüsusi faydasını qeyd etmiş, uşaqlarla tədbirlərin təşkilinin zərurililiyi bildirilib.

Tədbir zamanı layihə eksperti- minadan zərərçəkən, ANAMA-nın müxtəlif beynəlxalq konfranslarının iştirakçısı, haqqında film və bir sıra videolar hazırlanmış Cəfərova Tamam tərəfindən tərəfindən mina və müharibənin partlamamış qalıqları, mina mifləri, mina təhlükəsi ilə mübarizə, mina və partlamamış hərbi sursatların insan həyatına yaratdığı faciə, öz acı həyat hekayəsi haqqında uşaqların anlayacağı şəkildə ətraflı məlumatlar verilmiş, həyata keçirilməsi nəzərdə tutulan "Mina təhlükəsi rəsmlərdə" rəsm müsabiqəsi ilə bağlı müzakirə təşkil edilib. Tədbirdə 27 uşaq və yeniyetmə iştirak etmiş və hər bir iştirakçı üçün dəftərxana ləvazimatlarından ibarət qovluq təqdim olunmuş, cay-kofe fasiləsi təşkil olunub. Növbəti maarifləndirmə tədbiri Zəngilan şəhərində həyata keçiriləcəkdir.

Süleyman










































