
Parisdə Azərbaycanda həbsdə olan keçmiş erməni separatçı rejiminin "lider"lərinə həsr olunmuş sərginin rəsmi açılış mərasimi ləğv edilib. "Nouvelles d'Arménie" qəzetinin məlumatına görə, bu tədbirin sentyabrın 2-də Paris Şəhər Meriyasının qarşısında keçirilməsi planlaşdırılıbmış. Erməni nəşri tədbirin ləğvini Azərbaycan tərəfinin Fransa dövlətinə müraciəti və təzyiqi ilə əlaqələndirir.
Eyni zamanda, onu da qeyd edək ki, bir müddət əvvəl Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva da Paris merinə etiraz məktubu göndərərək, Azərbaycanda məhkum edilmiş şəxslərin "erməni əsirləri" kimi təqdim edilməsinə qarşı çıxıb. Azərbaycan diplomatı sözügedən şəxslərin müharibə cinayətləri, insanlığa qarşı cinayətlər və terrorizm də daxil olmaqla ağır cinayətlərdə məhkum edildiyini vurğulayıb.
Erməni lobbisi bu cür təxribatlardan niyə əl çəkmək istəmir? Parisin Bakının etirazını nəzərə alaraq erməni separatçılarına həsr olunmuş sərginin açılışını ləğv etməsini Fransa hökumətində sağlam mövqeli qüvvələrin mövcudluğunun təsdiqi kimi qəbul etmək olarmı? Makron Fransası ənənəvi erməni lobbisinin narrativlərindən əl çəkib Azərbaycan-Ermənistan normallaşmasına dəstək vermək üçün nə kimi addımlar ata bilər?
Əvvəlcə onu vurğulayaq ki, Parisdə keçirilməsi planlaşdırılan sərginin ləğvi Azərbaycan diplomatiyasının ardıcıl işinin nəticəsidir. Diplomatlarımız vəziyyətin hüquqi qiymətləndirilməsinin əhəmiyyətini Fransa hakimiyyətinin nəzərinə lazımi səviyyədə çatdıra biliblər. O ki qaldı Fransadakı erməni lobbiçiliyinin bu cür təxribatçı tədbirləri keçirməkdə israrlı olmasına, bunun səbəbini bir neçə amillə izah etmək olar. Birinci səbəb bu cür tədbirlər vasitəsilə erməni millətçiliyinə beynəlxalq dəstəyi qoruyub saxlamaq istəyi ilə bağlıdır. Dırnaqarası "məhbuslar"ın görüntülərinin nümayişi vasitəsilə "qurban" obrazı yaratmaq istəyi isə erməni lobbisinin ənənəvi psixoloji təsir fəndlərindən biridir. Onlar bu cür üsullarla Fransa hakimiyyətinə daimi siyasi təzyiq imkanlarını qoruyub saxlamağa çalışırlar.
Lakin Fransa dövlətinin bu məsələdəki mövqeyi xüsusi diqqət tələb edir. Erməni dairələri ilə ənənəvi yaxınlığın davam etdirilməsi artıq Fransanın öz milli maraqlarına zərər verir. Fransa prezidenti Makron və onun administrasiyası erməni lobbisi ilə münasibətləri yenidən nəzərdən keçirməli və Cənubi Qafqazdakı yeni reallıqlara uyğun addımlar atmalıdır. Belə ki, beynəlxalq standartlar bütün dövlətlərdən (o cümlədən Fransadan da) xüsusilə ağır cinayətlərə, insanlıq əleyhinə cinayətlərə, separatçılıq və terrorçuluq hərəkətlərinə görə məhkum edilmiş şəxslərlə bağlı ölkələrin məhkəmə orqanlarının qəbul etdiyi qərarlara hörmət etməyi tələb edir.
Fransa tərəfinin də Azərbaycanın məhkəmə orqanlarının erməni separatçıları və müharibə caniləri ilə bağlı qərarlarına hörmət etməsi vacibdir. Makron administrasiyası erməni lobbisinin təxribatçı hərəkətlərini davam etdirməsinə imkan verməməlidir. Fransa regionda nüfuz qazanmaq istəyirsə, sülh prosesində fəal konstruktiv rol oynaya bilər. Fransa siyasətçiləri başa düşməlidirlər ki, erməni lobbisinin təsiri ilə regionda qarışıqlıq yaratmaq dövrü artıq geridə qalıb.
Əlisahib Hüseynov










































