
"Cəmiyyət olaraq bizim borcumuz şəhid ailələrinin ağrısını artırmaq deyil, onların yanında olmaqdır. Tənqid ilə təhqir arasında böyük fərq var. Müasir cəmiyyətdə hər kəsin fikir bildirmək hüququ var. İnsanlar müxtəlif məsələlərə fərqli münasibət göstərə bilərlər. Lakin fikir azadlığı heç kimə başqasının şərəf və ləyaqətini təhqir etmək haqqı vermir.
Xüsusilə də söhbət şəhidlərdən gedirsə, sözlər daha diqqətlə seçilməlidir".
Newscenter-az xəbər verir ki, bunları "Milli İnkişaf" İctimai birliyinin sədri Arzuman Muradlı son günlər şəhidlər və onların ailələri ilə bağlı sosial şəbəkələrdə gedən müzakirələrə münasibət bildirərkən səsləndirib.
O bildirib ki, şəhidin şəxsiyyətini alçaltmaq, onun fədakarlığını məsxərəyə qoymaq və müqəddəs xatirəsinə hörmətsizlik etmək isə tamamilə yolverilməzdir:
"Cəmiyyətimizdə sağlam fikir mübadiləsi olmalıdır, amma bu fikir mübadiləsi insanlıq, vicdan və qarşılıqlı hörmət çərçivəsindən çıxmamalıdır.
Bu gün sosial şəbəkələrdə hər kəs bir neçə saniyə ərzində böyük auditoriyaya müraciət edə bilir. Bir paylaşım, bir şərh və ya bir video qısa müddətdə minlərlə insana yayıla bilər.
Belə bir şəraitdə sözün məsuliyyəti daha da artır.
Təəssüf ki, bəzən sosial şəbəkələrdə diqqət çəkmək, izlənmə toplamaq və mübahisə yaratmaq naminə cəmiyyət üçün həssas mövzulara toxunulur. Şəhidlərin adının və xatirəsinin belə mübahisələrə alət edilməsi isə xüsusilə yolverilməzdir. Hər kəs paylaşım etməzdən əvvəl özünə sadə bir sual verməlidir: Bu söz mənim öz şəhid qardaşım, övladım və ya yaxın adamım haqqında deyilsə belə, yenə də belə danışardım?”
Arzuman Muradlı qeyd edib ki, şəhidlərin xatirəsi hər zaman üstün tutulmalıdır:
"Bəzi dəyərlər şəxsi və siyasi fikir ayrılıqlarından daha yüksəkdə dayanmalıdır. Şəhidlərin xatirəsinə hörmət də belə dəyərlərdən biridir. Heç bir siyasi mübahisə, şəxsi narazılıq və ya gündəlik qarşıdurma şəhidin adını təhqir etmək üçün əsas ola bilməz. Bir insanın hansı siyasi mövqedə dayanmasından asılı olmayaraq, şəhidin müqəddəs xatirəsinə hörmət etməsi onun vətəndaşlıq və mənəvi məsuliyyətidir".
Süleyman











































