Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistan-Rusiya münasibətlərində dərin böhran davam edəcək

Ermənistan-Rusiya münasibətlərində dərin böhran davam edəcək


"Rusiya ilə Ermənistan arasında münasibətlərdə ciddi ziddiyyətlər və gərginliklər kəskinləşir. Nikol Paşinyanın Moskvaya səfəri gözlənilir və bu səfər çərçivəsində onun Vladimir Putinlə görüşü nəzərdə tutulur. Hesab edirəm ki, görüşdə əsas müzakirə mövzularından biri Ermənistanın xarici siyasət oriyentasiyası, xüsusilə Avropa İttifaqı ilə inteqrasiya məsələsi və Ermənistanın Avrasiya İqtisadi İttifaqında gələcək statusu olacaq".

Newscenter.az xəbər verir ki, bunları siyasi şərhçi Məhəmməd Əsədullazadə deyib. O bildirib ki, tərəflər arasında bu məsələlərlə bağlı hər hansı ciddi razılaşmanın əldə olunması çətin görünür:

"Əksinə, Moskva İrəvanın Avropa İttifaqına inteqrasiya kursundan narazılığını daha açıq şəkildə ifadə və Ermənistana qarşı iqtisadi təzyiq mexanizmlərindən istifadə edə bilər. Bu çərçivədə Rusiyanın Ermənistana tətbiq etdiyi müəyyən iqtisadi və gömrük güzəştlərini məhdudlaşdırması və ya ləğv etməsi ehtimalı da gündəmə gələ bilər.

Digər tərəfdən, İran da Ermənistanın ərazisində həyata keçirilməsi nəzərdə tutulan layihələrlə bağlı öz narahatlığını ifadə edir. Xüsusilə ABŞ hərbçilərinin və ya digər üçüncü ölkələrin hərbi kontingentinin Ermənistan ərazisində yerləşdirilməsinin İranın milli təhlükəsizliyi baxımından təhdid yarada biləcəyi barədə Tehranın mövqeyi məlumdur. Bu baxımdan, İranın mesajlarını Rusiya-Ermənistan münasibətlərindəki proseslərdən ayrı qiymətləndirmək çətindir".

Məhəmməd Əsədullazadə qeyd edib ki, Rusiya və İranın Ermənistanla bağlı bəzi məsələlərdə maraqları üst-üstə düşür və onların müəyyən istiqamətlərdə koordinasiyalı siyasət yürütməsi ehtimalı mövcuddur:

"Buna görə də Moskva görüşündə Ermənistan ərazisində həyata keçirilən regional layihələr, xarici hərbi qüvvələrin mümkün iştirakı və təhlükəsizlik məsələlərinin də müzakirə olunması mümkündür.

Bundan əlavə, görüşdə Rusiyanın Ermənistandakı hərbi mövcudluğu, o cümlədən Gümrüdəki 102-ci hərbi baza ilə bağlı məsələlərin də gündəmə gələcəyi gözlənilir. Bu məsələ Rusiya-Ermənistan münasibətlərinin gələcəyi baxımından xüsusi əhəmiyyət daşıyır.

Paşinyanın mövqeyinə gəldikdə isə, Ermənistan hökuməti Rusiya ilə münasibətlərdə siyasi və iqtisadi balansı qorumağa çalışır. İrəvan hesab edir ki, Rusiya ilə münasibətlərin müəyyən səviyyədə saxlanılması Ermənistanın müstəqil xarici siyasət yürütmək imkanlarını məhdudlaşdırmır, əksinə, onun manevr imkanlarını genişləndirə bilər".

Onun sözlərinə görə, Avropa İttifaqının Ermənistana iqtisadi və digər istiqamətlərdə dəstəyini artırması İrəvanın qarşısında alternativ imkanlar yaradır:

"Bu səbəbdən Moskva ilə İrəvan arasında fikir ayrılıqlarının yaxın perspektivdə tam aradan qalxması real görünmür.

Putin-Paşinyan görüşünü Rusiya-Ermənistan münasibətlərində yekun qırılma nöqtəsi kimi deyil, mövcud ziddiyyətlərin daha da dərinləşdiyini göstərən mühüm mərhələ kimi qiymətləndirmək daha doğru olar. Əgər tərəflər strateji məsələlər üzrə ortaq mövqe formalaşdıra bilməsələr, bu, iki ölkə arasındakı siyasi, iqtisadi və təhlükəsizlik münasibətlərində yeni gərginlik mərhələsinin başlanmasına gətirib çıxara bilər".

Süleyman
Xəbəri paylaş