
Xaricdə təhsil Azərbaycan gəncləri üçün yeni imkanların qapısını açmalıdır. Təəssüf ki, bu sahədə fəaliyyət göstərən bəzi qurumların təqdim etdiyi xidmət modeli ilə bağlı ciddi suallar yaranır.
Mənim diqqətimi xüsusilə “Beynəlxalq Təhsil Mərkəzi” adlı qurumun fəaliyyəti çəkib.
Məsələni açıq qoyaq: xaricdə təhsil almaq istəyən abituriyentdən 2500-3000 AZN civarında xidmət haqqı alınması hansı xidmətin real dəyəridir?
Bir gəncin Türkiyədə universitetə qəbul olunması üçün ailəsindən minlərlə manat alınırsa, valideynin ən sadə sualı budur:
Bu pulun qarşılığında konkret olaraq nə edilir?
Sənədlərin hazırlanması? Universitetə müraciət? Tərcümə? Qeydiyyat? Konsultasiya?
Bunların hər birinin ayrıca real qiyməti və həmin xidmətin məzmunu şəffaf şəkildə göstərilməlidir.
Çünki burada söhbət milyonlarla manatlıq korporativ müqavilədən yox, övladının gələcəyini qurmaq üçün ailənin topladığı puldan gedir.
2500 manat haradan yaranır? Mənim əsas etirazım məhz buradadır. Xaricdə təhsil xidmətinin qiyməti 2500-3000 AZN səviyyəsinə çatırsa, bunun iqtisadi əsaslandırılması ictimaiyyət üçün maraqlı olmalıdır. Niyə bu qədər? Hansı xidmətə görə bu qədər? Universitetə ödənilən məbləğlə şirkətə ödənilən məbləğ ayrılıqda göstərilirmi?
Valideyn ödədiyi 2500-3000 manatın qarşılığında hansı konkret xidmət paketini alır? Bu sualların verilməsi heç kimin biznesinə müdaxilə deyil.
Əksinə, minlərlə manat ödəyən istehlakçının ən fundamental haqqıdır.
Gəncin arzusu böyüdükcə, ailənin ödədiyi məbləğ də böyüyür. Amma məsələ bununla bitmir
Ən ciddi suallar tələbə xaricə getdikdən sonra yaranır.
Məsələn, Türkiyə Cümhuriyyətində fəaliyyət göstərən Bayburt Universitetinə qəbul prosesi ilə bağlı qarşılaşdığım konkret vəziyyətdə tələbələrdən Trabzondan Bayburt şəhərinə aparılmaq üçün 50-60 AZN civarında ödəniş tələb edildiyini, eyni istiqamətdə avtobusla gediş haqqının isə təxminən 16-17 AZN olduğunu gördüm.
Burada mənim sualım çox sadədir:
Əgər yolun real qiyməti 16-17 AZN-dirsə, tələbədən 50-60 AZN alınmasının səbəbi nədir?
Əgər əlavə xidmət göstərilibsə, onun qiyməti və məzmunu niyə açıq şəkildə göstərilməsin?
Əgər daşınma xidmətinin qiyməti 50-60 AZN-dirsə, bunun iqtisadi əsaslandırması nədir?
Azərbaycanlı tələbənin xaricdə ilk addımından etibarən belə qiymət fərqləri ilə qarşılaşması təbii olaraq “tələbənin cibinə girmək” təəssüratı yaradır.
Mən məhz bu təəssüratı və bu sualı ictimaiyyət qarşısında qoyuram.
Yataqxana məsələsi daha ciddi suallar doğurur
Bayburt şəhərində tələbələrin yerləşdirilməsi ilə bağlı müşahidə etdiyim başqa bir məsələ də var.
Təxminən 20 kvadratmetrlik otaqlarda 4-5 tələbənin yerləşdirilməsi, hər tələbədən isə təxminən 365 AZN ödəniş alınması ilə bağlı vəziyyətlə qarşılaşmışam. Səhər və axşam yeməyinin də bu məbləğə daxildir. Mən həmin yataqxanada bir neçə gün qaldığım üçün qidalanma şəraitini də şəxsən müşahidə etmişəm.
Və burada artıq başqa sual ortaya çıxır:
365 AZN ödəyən tələbəyə təqdim olunan xidmət bu məbləğə həqiqətən adekvatdırmı? Mənim şəxsi müşahidəmə görə, qidalanma və sanitariya şəraiti ilə bağlı ciddi narahatlıq doğuran məqamlar var.
Tələbədən yüzlərlə manat ödəniş alınırsa, qarşılığında göstərilən xidmətin keyfiyyəti də həmin ödənişə uyğun olmalıdır.
Tələbəyə “10 ay”lıq öhdəlik vermək nə dərəcədə ədalətlidir?
Məsələnin daha narahatedici tərəfi yataqxana müqavilələri ilə bağlıdır. Qarşılaşdığım vəziyyətdə tələbələrə müqavilə imzaladıldığı, ödənişlərin əvvəlcədən alındığı və yataqxanadan vaxtından əvvəl çıxmaq istəyən tələbənin qalan müddət üzrə də maliyyə öhdəliyi ilə üzləşə biləcəyi barədə şərtlərin olduğu bildirilib.
Əgər müqavilədə həqiqətən belə şərt varsa, sual yaranır:
Xarici ölkəyə yeni gəlmiş, universitetə yeni başlayan və əksər hallarda hüquqi prosedurlara tam bələd olmayan tələbə bu şərtlərin mahiyyətini nə dərəcədə anlayır?
Daha bir məsələ:
Tələbə yataqxanadan və ya göstərilən xidmətdən razı qalmazsa, niyə onu aylarla davam edən maliyyə öhdəliyi ilə bağlamaq lazımdır?
Bu, artıq sadəcə “yataqxana qiyməti” məsələsi deyil. Bu, tələbənin seçim azadlığı və müqavilə şərtlərinin ədalətliliyi məsələsidir. Xaricdə təhsil şirkəti tələbəni müşayiət etməlidir, yoxsa ondan maksimum gəlir götürməlidir? Mənim əsas etirazım budur. Xaricdə təhsil şirkəti tələbəni universitetə göndərənə qədər onun yanında olub, sonra isə tələbənin xarici ölkədə qarşılaşdığı hər bir xidmətin üzərindən əlavə ödəniş əldə etməyə çalışan mexanizmə çevrilməməlidir.
Tələbə gəlir mənbəyi deyil!
Tələbə Azərbaycan gəncidir!
Onun arxasında valideyni dayanır. Valideyni bəzən illərlə işləyib həmin pulu toplayır. Ona görə də 2500-3000 AZN xidmət haqqından başlayıb, yataqxana, yemək və digər xərclərlə davam edən ödəniş zənciri valideyndə haqlı olaraq belə bir sual yarada bilər:
“Mən övladımı təhsil almağa göndərmişəm, yoxsa onu bir ödəniş sisteminə daxil etmişəm?” Məncə, bu sual cavabsız qalmamalıdır.
Mən valideynlərə səslənirəm:
Xaricdə təhsil şirkəti seçərkən yalnız reklama baxmayın. “Universitetə qəbul edirik”, “Türkiyədə təhsil imkanı”, “sənədləşmə tam bizdən” kimi reklam ifadələri kifayət deyil.
Soruşun:
1. Xidmət haqqı dəqiq nə qədərdir?
2. Bu məbləğə nələr daxildir?
3. Universitetə ayrıca nə qədər ödənilir?
4. Yataqxananın real qiyməti nə qədərdir?
5. Yeməyin keyfiyyətinə kim cavabdehdir?
6. Müqavilədə tələbənin vaxtından əvvəl çıxması ilə bağlı hansı şərtlər var?
7. Tələbə narazı qaldıqda pulunun hansı hissəsini geri ala bilər?
Və ən əsası:
Bütün bunlar müqavilədə yazılı şəkildə göstərilirmi? Əgər göstərilmirsə, pulu ödəməzdən əvvəl iki dəfə düşünün. “Təhsil” sözünün arxasında nə qədər kommersiya var?
Mən bu yazı ilə heç bir şirkətin qanuni biznes fəaliyyəti aparmasına qarşı çıxmıram. Xidmət göstərmək və bunun müqabilində pul qazanmaq normaldır. Amma xidmətin qiyməti ilə göstərilən xidmət arasında ədalətli münasibət olmalıdır.
Bir şirkət 2500-3000 AZN xidmət haqqı tələb edirsə, bunu əsaslandırmalıdır. Tələbədən real nəqliyyat xərcindən dəfələrlə yüksək məbləğ alınırsa, bunun izahı olmalıdır. Yataqxanaya görə yüzlərlə manat ödənilirsə, tələbənin aldığı yaşayış və qidalanma xidmətinin səviyyəsi buna uyğun olmalıdır. Müqavilədə uzunmüddətli maliyyə öhdəliyi yaradılırsa, tələbə həmin şərti əvvəlcədən aydın şəkildə bilməlidir. Bunları tələb etmək düşmənçilik deyil. Bunları tələb etmək istehlakçı hüququdur.
Son söz!
Mənim mövqeyim çox sadədir:
Azərbaycan gəncinin xaricdə təhsil arzusu kommersiya maraqlarının kölgəsində qalmamalıdır. Heç bir şirkət tələbəni yalnız “universitetə göndəriləcək şəxs” kimi görməməlidir. Çünki həmin tələbənin arxasında bir ailə var. Bir valideyn var. Bəzən illərlə yığılmış pul var. Və ən əsası — bir gəncin gələcəyi var.
Ona görə də mən “Beynəlxalq Təhsil Mərkəzi”nin fəaliyyəti ilə bağlı yuxarıda qeyd etdiyim məsələlərə aydınlıq gətirməsini gözləyirəm.
2500-3000 AZN xidmət haqqının nəyə əsaslandığını izah etmək çətin olmamalıdır.
Trabzon-Bayburt transferinin qiymət fərqinin səbəbini açıqlamaq çətin olmamalıdır.
Yataqxana ödənişinin hansı xidmətlərə əsaslandığını göstərmək çətin olmamalıdır.
Müqavilə şərtlərini ictimaiyyətə izah etmək çətin olmamalıdır. Əgər bütün bunların şəffaf və əsaslandırılmış cavabı varsa, qoy ortaya qoyulsun.
Mənim üçün ən vacib məsələ şirkətin reputasiyası deyil. Azərbaycanlı tələbənin hüququ, ailəsinin pulu və gəncin gələcəyidir. Və mən hesab edirəm ki, bu məsələlər barədə sual verməkdən heç kim narahat olmamalıdır. Əksinə, şəffaf fəaliyyət göstərən qurum üçün ictimai suallar cavab verməkdən çəkiniləcək məsələ yox, öz fəaliyyətini izah etmək üçün fürsət olmalıdır.
Anar Salehoğlu,
İctimai-siyasi fəal
Təhsil məsələləri üzrə məsləhətçi
P.S. Redaksiya olaraq qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq
Newscenter-az üçün











































