
"Azərbaycanda akkreditə olunmuş xarici diplomatların işğaldan azad olunmuş Qarabağa səfəri Ermənistanda “fırtına” qopardığı halda və erməni revanşistlərinin Azərbaycana qarşı düşmənçilik səpkisində təbliğatının yenidən gücləndiyi bir vaxtda, “Moody’s” beynəlxalq reytinq agentliyinin hesabatında Bakı-İrəvan normallaşmasının Cənubi Qafqazda ticarəti genişləndirəcəyi barədə proqnozu xüsusilə böyük maraq doğurur.
Hesabatda bildirilir ki, Azərbaycanla Ermənistan arasında münasibətlərin davamlı şəkildə normallaşması Cənubi Qafqazda sabitliyi möhkəmləndirə və yeni ticarət marşrutlarının yaranmasına imkan verə bilər. Agentliyin qiymətləndirməsinə görə, Bakı ilə İrəvan arasında uzunmüddətli razılaşmanın əldə olunması regional sabitliyi gücləndirəcək, nəqliyyat bağlantılarını yaxşılaşdıracaq, Qafqazda ticarət və tranzit əlaqələrinin inkişafı üçün yeni imkanlar yaradacaq. Azərbaycan–Ermənistan münasibətlərində real normallaşma baş verərsə, bu, Cənubi Qafqazı uzun müddətdir zərər verən qeyri-müəyyənlikdən çıxarıb investisiya üçün daha cəlbedici məkana çevirə bilər".
Newscenter.az xəbər verir ki, bunları Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov deyib. O bildirib ki, “Moody’s” həmçinin Orta Dəhlizi (o cümlədən TRIPP layihəsini-Zəngəzur dəhlizini) də region ölkələri üçün əlavə iqtisadi artım mənbəyi kimi qiymətləndirir:
"Belə ki, hazırda bu marşrut üzrə yükdaşımaların artması artıq Azərbaycan, Qazaxıstan və Gürcüstanın inkişafına töhfə verir, eyni zamanda Özbəkistan və Qırğızıstan üçün də iqtisadi faydalar yaradır. Burada xüsusilə önəmli məqam budur ki, “Moody’s” kimi mötəbər beynəlxalq reytinq agentlikləri adətən siyasi bəyanat verməkdən çox, risklərin bazar davranışına təsirini qiymətləndirirlər. Deməli, onların sülh və tranzitlə bağlı nikbin proqnozu emosional yanaşma deyil, regionda sabitlik artarsa, bunun kapital axını, logistika, sığorta xərcləri, tranzit gəlirləri və ticarət həcmi üzərində müsbət təsir göstərəcəyi qənaətinə əsaslanır. Bu baxımdan, hesabatın iqtisadi tərəfi diplomatik prosesin real sektora təsirini vurğulamaqla güclənir.
Eyni zamanda, “Moody’s” agentliyinin analitikləri hesab edirlər ki, nəqliyyat, logistika, energetika və rəqəmsal infrastruktura yatırılacaq investisiyalar Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrinin iqtisadiyyatlarını şaxələndirməsinə kömək edəcək. Cənubi Qafqaz münaqişə xətti mərhələsini geridə qoyub, həm də Avrasiya nəqliyyat xəritəsində mühüm keçid zonası ola bilər. Əgər marşrutlar təhlükəsiz və dayanıqlı işləsə, Azərbaycan tranzit mərkəzi kimi mövqeyini daha da gücləndirər, Gürcüstan və Qazaxıstan kimi tərəfdaş ölkələr əlavə yük axınından faydalanar, Mərkəzi Asiya dövlətləri isə dünya bazarlarına çıxışını daha çevik şəkildə genişləndirə bilər".
Komitə sədri qeyd edib ki, bütün bunlar pozitiv proqnozlar, gələcəyə nikbin yanaşmalardır:
"Lakin bu proqnozların tezliklə gerçəkləşməsi üçün Ermənistan da sülh prosesini ləngitməməlidir. Burada alt qatda diqqəti çəkən siyasi xəbərdarlıq və ya mesaja diqqət yetirməliyik: iqtisadi imkanların reallaşması öz-özünə baş vermir. Bunun üçün normallaşma sadəcə kağız üzərində deyil, praktikada da irəliləməlidir. Yəni sülh prosesini ləngidən, təxribat yaradan və ya revanşist ritorikanı gücləndirən davranışlar həm regional sabitliyə, həm də potensial iqtisadi dividendlərə zərbə vurur. Bu baxımdan, Ermənistanı sülh prosesinə daha məsuliyyətli yanaşmalıdır. Çünki sülh və sabitlik varsa, ticarət və tranzit də böyüyür, genişlənir. Sabitlik yoxdursa, region risk zonası olaraq qalır. “Moody’s”in proqnozu da məhz bu sadə, amma strateji həqiqəti təsdiqləyir".
Süleyman











































