
"Bu gün Qarabağda gördüyümüz mənzərə sadəcə hərbi bir uğur deyil, tarixin və ədalətin öz təbii axarına qayıtmasıdır. İndi bu torpaqlarda kənar qüvvələrin maraqları deyil, Azərbaycanın öz gücü ilə qurduğu yeni yollar, şəhərlər və bərpa layihələri diktə edir".
Newscenter.az xəbər verir ki, bunları YAP üzvü Fərid Hacıbəyli deyib. O bildirib ki, ötən günlərdə xarici ölkələrin Bakıdakı səfirlərinin və diplomatlarının toplu şəkildə Xankəndiyə, Şuşaya, Ağdərəyə və Kəlbəcərə getməsi də bu reallığın beynəlxalq möhürü oldu:
"Diplomatların Bakının təyin etdiyi qaydalarla, bizim marşrutlarla bu rayonları qarış-qarış gəzməsi dünya dövlətlərinin suverenliyimizi yerindəcə qəbul etməsi deməkdir. Təbii ki, bu mənzərə İrəvandakı revanşist dairələrdə, kilsə mühitində böyük bir isterika və qorxu dalğası yaratdı. Erməni elitasını ən çox sarsıdan məqam isə diplomatların Gəncəsər və Xudavəng monastırlarında qədim Alban-Udi mədəni irsinin izləri ilə tanış olması oldu. Çünki onlar illərdir bu abidələri saxtalaşdırıb öz dünyalarına "qurban" obrazı satırdılar, indi isə həmin yalan maşını xarici elçilərin gözü qarşısında darmadağın oldu".
Hakim partiya təmsilçisi qeyd edib ki, Ermənistanda parlament səviyyəsində səfirlərə qarşı edilən hücumlar, sosial şəbəkələrdəki aqressiya əslində çarəsizliyin və arqumentsiz qalmağın son çırpıntılarıdır:
"İrəvan hələ də anlaya bilmir ki, müasir qlobal siyasət virtual nağıllarla deyil, sahədəki real sərhədlərlə və konkret layihələrlə idarə olunur. Onların bir tərəfdən Qərbə sülhdən danışıb, digər tərəfdən beynəlxalq birliyin bizim ərazi bütövlüyümüzü tanımasına etiraz etməsi tam bir siyasi ikiüzlülükdür. Bu səmərəsiz müqavimət Qarabağda formalaşan və artıq geri dönməsi mümkün olmayan yeni epoxanın gedişatını heç bir vəchlə dəyişə bilməz".
Anar












































