Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanın xüsusi xidmət orqanları uzun və şərəfli bir yol keçib

Azərbaycanın xüsusi xidmət orqanları uzun və şərəfli bir yol keçib


Hər bir ölkənin sabitlik və asayişinin, hər bir dövlətin qüdrətinin və təhlükəsizliyinin əsas sütunlarından biri də məhz onun effektiv, çevik fəaliyyət göstərən xüsusi xidmət orqanlarıdır. Bu gün Azərbaycanın xüsusi xidmət orqanlarının, təhlükəsizlik qurumlarının yaranmasının növbəti ildönümü qeyd olunur. 1919-cu il martın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi Nazirliyinin Baş Qərargahı tərkibində ilk xüsusi xidmət orqanı olan Kəşfiyyat və əks-kəşfiyyat bölməsinin yaradılmasından 105 il ötür. Son bir əsr ərzində Azərbaycanın xüsusi xidmət orqanları uzun və şərəfli bir yol keçib, ən yeni tariximizin yaradılmasında fəal rol oynayıblar.

Fəaliyyəti ərzində üç tarixi mərhələdən - Azərbaycan Xalq Cümhuriyyəti dövrü, sovet dövrü və müstəqil Azərbaycan Respublikası dövründən keçən təhlükəsizlik orqanlarımız ölkədə təhlükəsizlik mühitinin formalaşmasında, suverenliyimizin və ərazi bütövlüyümüzün qorunmasında, xalqımızın təhlükəsizliyinin daha etibarlı müdafiəsinin təmin edilməsində mühüm rol oynayıb. Həyatının böyük bir hissəsini - 25 ilini milli təhlükəsizlik orqanlarında xidmətə həsr edən Ümummilli Lider Heydər Əliyevin fəaliyyəti də Azərbaycanın təhlükəsizlik orqanlarının tarixində ayrıca, mühüm bir mərhələni təşkil edir. Ulu Öndər sovet dövründə Azərbaycan DTK-na rəhbərlik etdiyi zaman respublikamızın təhlükəsizlik sistemində əsaslı dönüş yaradıb və eyni zamanda milliləşdirmə siyasətinin əsasını qoyaraq çox sayda milli kadrların işə cəlb olunmasına nail olub.

Təhlükəsizlik orqanlarının peşəkar fəaliyyəti bizim günlərdə də müstəsna əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin 2015-ci il 14 dekabr tarixli fərmanı ilə Milli Təhlükəsizlik Nazirliyinin ləğv olunaraq, onun əsasında Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) və Xarici Kəşfiyyat Xidmətinin yaradılması xüsusi xidmət orqanlarının fəaliyyətinin yeni dövrün tələblərinə uyğunlaşdırılmasına və səmərəliliyinin artırılmasına ciddi təkan verib. Belə ki, son illərdə terrorçuluq fəaliyyəti ilə məşğul olan onlarla silahlı dəstə zərəsizləşdirilib, transmilli cinayətkarlıqla mübarizə sahəsində ciddi uğurlar qazanılıb, xarici narkobiznes şəbəkəsinə məxsus böyük miqdarda narkotik maddələr aşkarlanaraq dövriyyədən çıxarılıb, kibertəhlükəsizliyin təmin olunması istiqamətində effektiv əməliyyatlar həyata keçirilib. Fransalı casusların deşifrə edilərək həbs olunması Azərbaycanın təhlükəsizlik orqanlarının peşəkarlığının göstəricisidir. Həmçinin bu günlərdə DTX-nın yüksək peşəkarlıqla aşkarladığı terrora cəhd faktının qarşısının alınması, terrora hazırlaşan dəstə üzvlərinin zərərsizləşdirilməsi də bir daha onu göstərir ki, dövlətimizin və vətəndaşlarımızın təhlükəsizliyi üçün bütün zəruri addımlar atılmaqdadır. Bu mənada haqlı olaraq Azərbaycanı regionda və dünyada ən təhlükəsiz ölkələrdən biri hesab edə bilərik.

44 günlük Vətən müharibəsində qəsbkar düşmənə sarsıdıcı zərbə vurulmasında və böyük Zəfərin qazanılmasında da Azərbaycanın xüsusi xidmət orqanlarının, xüsusən də DTX-nın mühüm rolu olub. Eləcə də postmüharibə dönəmində, işğaldan azad edilən ərazilərimizdə təhlükəsizliyin etibarlı şəkildə təmin olunmasında təhlükəsizlik orqanlarmızın müstəsna əməyini qeyd etməliyik. Belə ki, təhlükəsizlik orqanlarımız hazırda işğaldan azad olunan ərazilərdə xidməti fəaliyyətlərini uğurla davam etdirirlər. Dövlət Təhlükəsizliyi Xidmətinin Cəbrayıl, Zəngilan, Füzuli, Qubadlı rayonlarında, Şuşada, Hadrutda yaradılan yerli şöbələri öz vəzifələrinin öhdəsindən layiqincə gəlməkdədir.
Azərbaycan dövlət təhlükəsizliyi və xüsusi xidmət orqanlarının əməkdaşlarının xalqımızı və müstəqil dövlətimizi xarici qəsdlərdən, anti-Azərbaycan qüvvələrin davamlı təxribatlarından qətiyyətlə qoruması, beynəlxalq terrorçuluğa və transmilli mütəşəkkil cinayətkarlığa, eləcə də dini ekstremizmə qarşı mübarizədə ayıq-sayıqlıq və xüsusi peşəkarlıq nümayiş etdirməsi bu gün hər birimizdə həm qürur hissi, həm də güclü güvən hissi, əminlik hissi yaradır. Bəli, biz təhlükəsizlik qurumlarımızın gücünə, peşəkarlığına güvənirik. Bu, olduqca vacib amildir. 105 illik şərəfli fəaliyyət yolu güvən üçün etibarlı zəmindir. Biz vəzifə borcunu şərəflə yerinə yetirən DTX-nin rəhbərliyini və əməkdaşlarını, xüsusi xidmət orqanlarımızın xüsusi təyinatlılarını və veteranlarını peşə bayramı münasibətlə ürəkdən təbrik edir, onlara Vətənimizin təhlükəsizliyi naminə məsuliyyətli xidmətlərində uğurlar arzulayırıq. Bayramınız mübarək olsun!

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Xəbəri paylaş