Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycana qarşı aparılan informasiya blokadasını yaran peşəkar siyasət

Azərbaycana qarşı aparılan informasiya blokadasını yaran peşəkar siyasət


Prezident İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın müttəfiqlərinin və dostlarının sayını artırdı. Azərbaycan beynəlxalq müstəvidə layiqli yerini möhkəmləndirdi. Regional və qlobal təşəbbüslər Azərbaycanın imicinin dünyada möhkəmlənməsinə, həm də bölgədəki əməkdaşlığın inkişafına xidmət etdi. Dünya ölkələrindən fərqli olaraq Azərbaycan 2020-ci ili tarixi Qələbə ilə başa vurur. Azərbaycanın Prezidenti və Silahlı Qüvvələrin Ali Baş Komandanı Vətən müharibəsinə başladı və qalib gəldi. Torpaq həsrətinə son qoyuldu. Azərbaycan xalqı və Azərbaycan ordusu cənab İlham Əliyevin liderliyi ilə əsl qəhrəmanlıq və şücaət nümayiş etdirərək on illər boyu işğal altında qalan torpaqlarımızı düşməndən təmizlədi və tarixi ədaləti bərqərar etdi. İkinci dünya müharibəsindən sonra Azərbaycan itirilmiş torpaqlarını geri qaytarmağı və ərazi bütövlüyünü bərpa etməyi bacaran yeganə dövlət oldu. Müharibədə güclüykən sülhü seçmək həmişə məğlubiyyət kimi dəyərləndirilir. Amma ildırım sürətli müharibə ilə düşməni təslim edib sülhə məcbur etmək strateji düşüncənin və çox uğurlu diplomatik qələbənin parlaq nümunəsidir. Bəşər tarixində ən böyük fatehlər müharibələr zamanı məhz bu diplomtiya ilə qalib gələn sərkərdələr hesab olunublar. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandanı İlham Əliyev 44 günlük Vətən müharibəsində çox parlaq şəkildə bunu bacardı.

Ermənistanın baş naziri Nikol Paşinyan 2019-cu il avqustun 5-də Xankəndidə "Qarabağ Ermənistanın bir hissəsidir və nöqtə" açıqlaması ilə sülh danışıqlarına ciddi zərbə vurdu. Eyni zamanda, Ermənistan BMT-nin 4 qətnaməsini saya salmadı. Əlbəttə, Paşinyanın bu sərsəm çıxışı cavabsız qala bilməzdi. Hücum diplomatiyasına üstünlük verən dövlətimizin başçısı İlham Əliyev 2019-cu il oktyabrın 3-də "Valday" Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasında çıxışı zamanı həmin bəyanata sərt şəkildə cavab verdi: "Qarabağ Ermənistanın bir hissəsidir və nöqtə". Birincisi, yumşaq desək, bu, yalandır. Dünya tərəfindən həm Aran, həm də Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsi kimi tanınıb. Ermənistan özü də bu qanunsuz qurumu tanımır. Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi". Ardınca isə, 2020-ci il sentyabrın 24-də dövlətimizin başçısı BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında çıxışı zamanı Ermənistanın Azərbaycana qarşı yeni müharibəyə hazırlaşdığını bəyan etdi. Bir gün sonra, sentyabrın 25-də Prezidentimiz Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini qəbul edərkən bir daha qeyd etdi ki, Azərbaycan tərəfinin kəşfiyyat məlumatları göstərir ki, Ermənistanda Azərbaycana qarşı çox ciddi hərbi hazırlıqlar gedir, onların hərbi qüvvələri təmas xəttində, dövlət sərhədində cəmləşir. Əgər onlar bizə hücum etsələr, peşman olacaqlar. Mən, sadəcə olaraq, sizin bunu bilməyinizi və bu mesajı Avropa Komissiyasına çatdırmağınızı və Avropa Komissiyasının təcavüzkarın yeni təxribatlarını dayandırmaq üçün nə edə biləcəyini görmək istəyirəm. Bütün xəbərdarlıqlara baxmayaraq Ermənistan hərbi qüvvələri 2020-ci il sentyabrın 27-də genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutdu. Dinc sakinlər hədəf alındı, onların evlərinə, əmlaklarına və infrastruktura ciddi ziyan dəydi. Ordumuz düşmənin hücumlarının qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə bütün cəbhəboyu əks-hücum əməliyyatına başladı.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ermənistanın işğalı altında olan torpaqlarımızı azad etmək üçün rəşadətli Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı genişmiqyaslı və uğurlu əks-hücum əməliyyatları nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. 44 gün ərzində Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəklik, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəklikləri və daha 5 adsız yüksəklik azad olundu. Azərbaycan Prezidentinin Vətən müharibəsi ərəfəsində və gedişində günlər ərzində 30-a qədər xarici KİV təmsilçilərinin, xüsusilə “Əl-Cəzirə”, “Əl-Ərəbiyə” “TRT Haber”, “Pervıy Kanal”, “CNN Türk”, “Euronews”, “CNN International”, “Sky News”, “RBK”, “Haber Global”, “Haber Türk”, “NTV”, “France 24”, televiziya kanallarına, Rusiyanın TASS , Ria Novosti agentliyi üçün, “Rossiya Seqodnya Beynəlxalq İnformasiya Agentliyi” media qrupunun baş direktoru Dmitri Kiselyova verdiyi müsahibələrdə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, cəbhə zonasında son hərbi əməliyyatlarla bağlı arqumentlər üzərində qurulan aydın, məntiqli fikirləri, bütün suallara konkret faktlarla cavabları ölkəmizin haqlı mövqeyinin dünya ictimaiyyətinə çatdırılmasında müstəsna əhəmiyyət kəsb edir.2020-ci il noyabrın 8-i isə tariximizə ən şanlı bir gün kimi yazıldı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz Azərbaycanın tarixi, mədəni və strateji əhəmiyyətə malik, Qarabağın baş tacı olan Şuşa şəhərini işğalçılardan azad etdi. Bu, 44 gün içərisində aparılan uğurlu əks-hücum əməliyyatlarının sırasında ən mühüm tarixi hadisə və böyük hərbi Qələbə oldu. Azərbaycanın hərbi-diplomatik uğurları, xüsusilə strateji əhəmiyyətli Şuşa şəhərinin azad edilməsi müharibənin sonrakı gedişinə və taleyinə ciddi təsir göstərdi.Prezident İlham Əliyevin qətiyyətli və prinsipial mövqeyi hərb meydanında olduğu kimi, diplomatiya meydanında da uğurlarımızı şərtləndirirdi. Vətən müharibəsinin 44 günü ərzində dövlətimiz, beynəlxalq hüquq prinsiplərini, xüsusilə BMT Nizamnaməsinin 51-ci maddəsini rəhbər tutub öz ərazilərini azad etmək hüququndan istifadə edərək uğurlu və genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirdi. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli və prinsipial mövqeyi hərb meydanında olduğu kimi, diplomatiya meydanında da uğurlarımızı şərtləndirdi. Azərbaycan dövləti oktyabrın 4-də Cəbrayıl şəhərini, 17-də Füzuli şəhərini, 22-də Zəngilan şəhərinin işğalçılardan azad olunması ilə BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və 27 il yerinə yetirilməmiş qalan 874 və 884 saylı qətnaməni özü icra etdi.

Azərbaycanın milli və dövlətçilik maraqlarını daim üstün tutan Prezident, Ali Baş Komandan İlham Əliyev 2020-ci il noyabrın 8-də Şuşa şəhərinin azad olunması münasibətilə xalqa müraciətində deyib: “İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, Zəfərimizin günüdür!” Ermənistanda revanş haqqında düşünənlər Azərbaycanın dünyaya nümayiş etdirdiyi XXI əsrin müharibə nümunəsini unutmasınlar. Dövlətimizin başçısı birmənalı olaraq bildirib ki, Azərbaycanın işi haqq işidir və Qarabağ Azərbaycandır! Əlbəttə, bütün bunların hamısı heç şübhəsiz ki, Qələbəmizi şərtləndirən əsas amillər idi. Xalqımız bu gün sözün əsl mənasında xoşbəxt xalqdır, qəhrəman xalqdır və qalib xalqdır.

Anar Məmmədov,
YAP Gədəbəy rayon təşkilatının əməkdaşı
Xəbəri paylaş