Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Prezident ölkəmiz qarşısında duran çağırışlarla bağlı önəmli mesajlar verdi

Prezident ölkəmiz qarşısında duran çağırışlarla bağlı önəmli mesajlar verdi


Cənab Prezident Parlamentdə çıxışı zamanı cəmiyyət, bütövlükdə ölkəmiz qarşısında duran çağırışlarla bağlı önəmli mesajlar verdi. Ən birincisi əlbəttə ki, ölkədə təhlükəsizlik mühitinin qorunub saxlanmasına diqqəti çəkdi, daxili sabitlik digər inkişafı şərtləndirən əsas amillərdəndir. Eyni zamanda Cənab Prezident qeyd elədi ki, daxildən bizə qarşı hər hansı təhdid mövcud deyil, lakin xaricdən belə cəhdlər var, ideoloji baxımdan da bu istiqamətdə ölkəmizə qarşı işlər aparılır. Ona görə bütün ictimaiyyət, media, parlament, dövlət, o cümlədən vətəndaşlar qarşısında bu kimi zərərli ideoloji cərəyanlarla mübarizə bir vəzifə kimi durur.

Newscenter.az xəbər verir ki, bunu politoloq Vüqar Əhmədov Prezident İlham Əliyevin parlamentdə çıxışını şərh edərkən səsləndirib. O bildirib ki, Qərbdən Ermənistanla sülh prosesini pozmaq cəhdləri, Qərbin bəzi qərəzli dairələrindən ölkəmizə qarşı çirkli və qərəzli kampaniya davam etməkdədir:

"Məhz bu müdaxilənin nəticəsidir ki, Ermənistanla sülh müqaviləsinin imzalanması üçün aparılan ikitərəfli danışıqlarda yekun nəticə əldə olunmur. Sülh olmadığı təqdirdə isə Ermənistan tərəfindən bizə qarşı təxribatlar yenidən baş qaldıra bilər. Xüsusən dövlətimizin Qarabağda həyata keçirdiyi keçmiş məcburi köçkünlərimizin böyük qayıdışı və quruculuq işlərini Qərb dairələri, ermənilər həzm edə bilmir. Ona görə yenidən süni şəkildə qondarma separatçıların “hüquqlarını” beynəlxalq müstəvidə gündəmə gətirirlər. Bu tendensiya ilə mübarizə aparmaq üçün də ölkə başçısı mühüm fikirlər söylədi və xüsusən bu proseslər fonunda, kapitulyasiyaya uğramış Ermənistanın sürətlə silahlanması fonunda hərbi qüdrətimizi daha da artırmalı, hərbi sahənin inkişafı bir nömrəli məsələ kimi qalmalıdır. Azərbaycan da məhz hərbi gücü sayəsində 30 ilə yaxın işğal altında olan torpaqları azad etdi. Bununla həm münaqişə, həm də onun qalıqları olan və onları xatırladan bütün alətlər, Minsk Qrupu kimi işə yaramayan həmsədrlik institutu ləğv olunmalıdır.

Əlbəttə ki, Qarabağda aparılan geniş yenidənqurma işləri ilə yanaşı Qərbi Azərbaycan konsepsiyasi, Qərbi Azərbaycana qayıdış dövlətimiz qarşısında duran əsas hədəflərdəndir və Cənab Prezident öz çıxışında bu məsələ ilə bağlı önəmli mesajlar verdi.

Cənab Prezidentin bildirdiyinə görə bundan sonra da Azərbaycan dayanıqlı inkişaf yolu ilə irəliləyəcək, ölkədə əhalinin sosial müdafiəsi dövlətin prioritet istiqamətlərindən biri kimi qalacaq. Ölkəmizin inkişafı ilə yanaşı bu gün Qarabağda çox ciddi quruculuq işləri gedir, Qarabağın tarixi irsi özunə qaytarılır, bu sahəyə də cənab Prezident çox geniş yer ayırdı".

Politoloqun sözlərinə görə, Azərbaycanın əldə etdiyi tarixi qələbəyə toxunan dövlət başçısı vurğuladı ki, indi dünyada elə bir vəziyyət yaranıb ki, kimin bizə dost, kimin düşmən olması artıq tam müəyyən olunub:

"Azərbaycanı tarixi qələbə münasibəti ilə təbrik edən, bizim qələbəmizə sevinən dövlətlər ölkəmizin dostu, buna qarşı çıxanlar isə bizə dost sayıla bilməz. Hansı dövlət, kim ki, Azərbaycanın yanındadır, Azərbaycan da bu dövlətlərlə dostluq əlaqələrini davam etdirir və etdirəcək.

Beləliklə Cənab Prezident bütün bu uğurların əldə olunmasında xalqın iradəsini və milli ruhunu bir daha önə çəkdi, şübhəsiz ki, iradə və inam olmadan Azərbaycan xalqı və dövləti bütün bu uğurlara imza ata bilməzdi. Gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə olunması, bu prosesdə ailə dəyərləri, ailənin və məktəbin rolu bir daha vurğulandı".

Vüqar Əhmədov deyib ki, Vətən müharibəsindən sonra Azərbaycan çox qısa zaman kəsiyində kifayət qədər böyük nəaliyyətlərə imza atıb, 44 günlük vətən müharibəsi, anti-terror əməliyyatından sonra Qarabağa yenidən həyat qayıdıb:

"Artıq Xankəndidə tələbələrimiz təhsil alır, dövlətimiz cəmi 8 ay ərzində iki çox uğurlu seçki keçirdi, biri Prezident, digəri Parlament seçkiləri və bu seçkilər bütün suveren ərazilərimizi əhatə edərək keçirildi. Biz bir daha bütün dünya ictimaiyyətinə əsl dövlətçilik ənənələrini, quruculuq və abadlıq, şəhərsalma, seçki mədəniyyəti, iqtisadi tərəqqini nümayiş etdiririk və bütün bu işlər Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə çox qısa zaman kəsiyində və peşəkarlıqla həyata keçirilir.

Qarşıda isə Azərbaycanı digər önəmli bir tədbir, COP29-a ev sahibliyi gözləyir ki, bu da öz növbəsində ölkəmizin enerji sektoru və yaşıl enerjiyə keçid istiqamətində əldə etdiyi uğurlara öz töhfəsini verəcək".

Süleyman
Xəbəri paylaş