"Dekabrın 6-da Maltada ATƏT-in Nazirlər Şurasının ənənəvi illik iclası keçiriləcək. İclasda müxtəlif mövzularla yanaşı təşkilatın gələn il üçün büdcəsi də təsdiqlənəcək".
Newscenter.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu deyib. O bildirib ki, ATƏT-in 2025-ci il üçün büdcəsi 158 milyo avro həcmində müəyyələşib:
"Bu ötənilki büdcədən 20 milyon avro çoxdur. Varlığı ilə yoxluğu bilinməyən bu təşkilatın bu böyüklükdə büdcəsinin əsas hissəsi böyük ehtimalla ATƏT-də çalışan bürokratların maaşlarına xərclənəcək. Qarabağ problemi olmadığı halda hələ də Minsk Qrupuna büdcə ayrılır. Bu, pulların havaya sovrulmasıdır".
Onun sözlərinə görə, polşalı diplomat Anjey Kasprçik 25 ilə yaxın ATƏT-in fəaliyyətdə olan sədrin bölgə üzrə şəxsi nümayəndəsi kimi illər boyu həmsədrlərlə birgə bölgəyə mənasız səfərlər etdi:
"Polşalı diplomatlardan biri mənə söyləmişdi ki, Polşa Xarici İşlər Nazirliyi Anjey Kasprçiki geri çağıra bilmirdi, o aldığı yüksək maaşa görə ATƏT-dəki vəzifəsindən ayrılmaq istəmirdi. Nə hikmətdirsə, ATƏT-in dəyişən sədrləri ona toxunmurdular. Azərbaycan torpaqlarını azad etdikdən sonra da Kasprçik fəaliyyətinə davam edir, O İkinci Qarabağ müharibəsindən sonra Bakıya səfərin mənasız olduğunu anlayaraq ancaq İrəvana gedirdi. Ötən il İrəvanda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşmüşdü. Bu il səsi çıxmır, bəlkə də yüksək masala təqaüdə çıxıb".
Anar Əliyev