
Ermənistan ərazi iddiasına görə ötən əsrin sonlarında Azərbaycana qarşı elan etmədən müharibəyə başladı. İşğalçılıq müharibəsində Azərbaycanın ərazisinin 20 faizini işğal etdi. Yüzlərlə kəndi-şəhəri dağıtdı, odlara qaladı, yüzlərlə Azərbaycan vətəndaşını qətlə yetirdi, minlərlə mədəniyyət abidələrini dağıtdı, muzeyləri viran qoydu. Beynəlxalq təşkilatların, bu sıradan BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrə məhəl qoymayan Ermənistan Azərbaycanın, eləcə də beynəlxalq təşkilatların sülh danışıqlarından yayınmaqla yeni ərazilər işğal etmək niyyəti ilə Azərbaycana hücumlarını davam etdirirdi. Belə hücumlardan biri 2020-ci ilin 27 sentyabrında oldu. Ordu hissələrimiz bu hücumun qarşısını qətiyyətlə aldı, Ali Baş Komandanın döyüş əmri ilə əks-hücuma keçdi. İkinci Qarabağ müharibəsi başladı...
Azərbaycan Ordusu İkinci Qarabağ müharibəsində tarixi Zəfər qazandı, 2023-cü il sentyabın 20-də antiterror əməliyyatı ilə ərazi bütövlüyünü tam bərpa etdi...
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə işğaldan azad edilmiş ərazilərdə geniş quruculuq işləri başladı. Neçə-neçə şəhərə, kəndə qayıdış Qarabağda qaçqınların məskunlaşma prosesinin də Zəfərlə başa çatacağının zəmanəti oldu.
Siyasətdə səmimiyyət olmalıdırmı, olmamalıdırmı? Mahiyyəti baxımından Hamletin sualına bənzəri olmasa da bir cavab digərini təkzib edəcək. Onda nəyə inanmalı? Ermənistan dövləti adından verilən bəyanatlaramı, Ermənistan dövlətinin dəstəklədiyi siyasi manevrlərəmi, hakimiyyətin revanşist qüvvələri dəstəkləməyinəmi? Azərbaycanın Ermənistana müqayisəyəgəlməz güzəştlərinə görə səsləndirilən beş-on kəlməyəmi, bu güzəştlərin kölgəsində Azərbaycanın daxili işlərinə qarışmaq niyyətlərinəmi?..
İkinci Qarabağ müharibəsində məğlub olmuş Ermənistanın ordu hissələri 2022-ci il sentyabrın 12-də işğaldan azad edilmiş ərazilərdə, o cümlədən Kəlbəcərdə geniş miqyaslı təxribat törətmək istəmişdi, ordu hissələri yenidən hücuma keçmişdi. Qısamüddətli döyüşdə (12-13 sentyabr) düşmənin onlarla döyüşçüsü, xeyli hərbi texnikası məhv edilmişdi. Bu məğlubiyyətin illər sonra parlamentdə xatırladılması, həlak olanların bir dəqiqəlik sükutla yad edilməsi revanşizmin əlaməti deyilmi?
Dünyanın bəşəri dövlətləri, onu Azərbaycanda təmsil edən diplomatik korpus Azərbaycanın işğaldan azad edilmiş ərazilərində gedən quruculuq işləri ilə tanış olmaq üçün akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Şərqi Zəngəzura səfər etdi. Bu səfər sağlam siyasi rəylərin gerçəkliklərdən qaynaqlanmasına xidmət edirdi. Bu bəşəri missiya, Ermənistan cəmiyyətində arzuolunmaz (əslində gərəksiz və işğalçılıq niyyətinin yenidən baş qaldırması cəhdi) reaksiya kimin kim olduğunu aşkarlayan missiya oldu. Azərbaycan hökuməti Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusun nümayəndələrini işğaldan azad edilmiş ərazilərə səfərini təşkil edirsə, bunun Ermənistana nə dəxli var? (bir el məsəli yada düşür: “Soğan yeməmisənsə için niyə göynəyir?”).
Ermənistanı narahat edən səbəb aydındır: diplomatik korpusun bu səfəri onların təmsil etdikləri ölkələrin Azərbaycanın ərazi bütövlüyünü birmənalı tanıyır, dəstəkləyir. Azərbaycanın ərazi bütövlüyünün bu miqyasda tanınmasından narahat olan, Azərbaycan ərazisində ermənilərin yaşadığını, Ermənistanda azərbaycanlıların yaşamadığını (? –S.X.) iddia edən Ermənistanın sülh niyyətinə necə inanasan?
Tarixən Azərbaycanın ərazisində Qafqaz Albaniyası mövcud olub. Bu mövcud olma ərazinin albanlara mənsubluğu ola bilməz və belə də qəbul olunur. Azərbaycanda alban mədəniyyətinin izləri qalmaqdadır. Vaxtilə Azərbaycanın bir hissəsi olan Borçalıda da belə abidələr qalmaqdadır. Lakin Ermənistan bu abidələrin ermənilərə mənsubluğunu iddia etməkdədir. Ermənistan unudur ki, Azərbaycan Respublikasının ərazisindəki bütün tarixi və mədəni abidələr, Alban mədəniyyəti Azərbaycan dövlətinə və xalqına məxsusdur, dövlət tərəfindən bütün məsuliyyəti ilə qorunur.
Müharibə vaxtı (əsasən, Birinci Qarabağ müharibəsində) Ermənistan Azərbaycanın mədəniyyət abidələrini məhv edib, Azərbaycan xalqının Ermənistan ərazisindəki mədəni izlərini silib, beynəlxalq hüququn, bu sıradan 1954-cü ildə Haaqa Konvensiyasının və UNESKO-nun müvafiq qərarlarını kobud şəkildə pozub. Bunu dünya ictimaiyyəti də yaxşı bilir, Emənistan da. Bəs nəticə? Nəticə sülh niyyəti olduğunu deyən Ermənistanın sülhdən uzaq (və çox uzaq!) aşkar niyyətinin aksiomatik xarici siyasətidir. Bunu diplomatik korpusun Şərqi Zəngəzura səfəri də təsdiqləyir...
Səbinə XASAYEVA,
Milli Məclisin deputatı











































