Son bir neçə ayda baş verən proseslər İran daxilində ciddi çaxnaşmaya səbəb olub. Çünki bölgədə baş verən hadisələr Iranın mövqelərinə ciddi zərbədir və Tehran vəziyyəti heç cürə öz xeyrinə dəyişə bilmir. Vaxtilə Qüds qüvvələrinin komandanı Qasım Süleymani tərəfindən inşa edilmiş düzən artıq demək olar ki, iflas edib. Süleymanın məşhur " şiə hilalı " yaratmaq planı son bir neçə ayda baş verən hadisələr səbəbi ilə süqut etdi. İran bölgədəki əsas işini Suriyadakı Əsəd rejimi və Hizbullah görürdü. Regiondakı ən böyük proksi qüvvəsi olan Hizbullahın vasitəsi ilə İsrailə zərbələr endirirdi, Suriyadan isə Hizbullaha silah daşımaq üçün tranzit şəklində istifadə edirdi. Ata və oğlu Əsədin hakimiyyəti dövründə Suriya İranın bölgədəki əsas istinadgahına çevrilmişdi. Yeni yaranan hakimiyyət buna imkan verməyəcək. Çünki 13 illik vətəndaş müharibəsi dövründə Bəşər Əsədə ən çox dəstək verən məhz İran olub. Həmçinin nəzərə alaq ki, Əsədi devirən Təhrir əş - Şamın da ən böyük rəqibi Hizbullahdır. İki qrupun arasında olan ideoloji fərqlilik onların bir - birinə qarşı olan düşmənçiliyinin daha da möhkəmlənməsinə səbəb olub. Yeni yaranacaq hakimiyyətə bu qrupun lideri Əbu Məhəmməd Əl - Colanin rəhbərlik etmək şansı böyükdür. Əl - Colanin İran əlehinə verdiyi açıqlamalar, İsrail və Qərblə münasibətləri normallaşdırmaq üçün səy göstərməsi Tehran üçün yaxşı heçnə vəd etmir. Hizbullah lideri Həsən Nəsrullahın öldürülməsi, ardında bu təşkilatın yüksək rütbəli komandir heyətinin məhz edilməsi İrana əlavə problemlər gətirir. Tehran Hizbullahı ayaqda saxlamaq üçün xeyli maliyyə xərcləməlidir ki, bu ölkədə ciddi narazılıq yaradır. SEPAH və İranın mühafizəkar dairələri bu fikri ciddi şəkildə müdafiə edirlər. Ancaq prezident Məsud Pezeşkian başda olmaqla islahatçı qanad fərqli düşünür. Onlar İranın savaşdan qaçaraq Qərblə münasibətləri normallaşdırması və bu yolla həm ölkənin neft bazarına daxil olması, həm də ağır sanksiya siyasətindən quetulmasına çalışırlar. Suriyada Əsəd rejiminin çökməsi və İranla Hizbullah arasında quru sərhədinin yoxa çıxması Pezeşkiana imkan verəcək ki, Hizbullaha ayrılacaq vəsaiti ölkə daxilində istifadə etsin. Tehranın devrilmiş Bəşər Əsəd və ailəsinə qucaq açmamasının əsas səbəbi də məhz budur. Məsud Pezeşkian heç bir halda ölkəsinin Qərblə baş - başa gəlməsini istəmir. Görünür ki, ali dini lider Ayətullah Əli Xamenei də onun bu siyasətini müdafiə edir.
Zeynal Əmrəliyev