Dekabr ayı ərzində "Məktəblərdə Naxçıvan ayı” layihəsi həyata keçirilib.
Newscenter.az xəbər verir ki, layihənin əsas məqsədi “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası çərçivəsində Naxçıvanın geosiyasi mövqeyi, XX əsrin əvvəllərində baş verən siyasi hadisələr, Naxçıvan Muxtar Respublikasının yaradılması, Naxçıvanın qədim tarixi, etimologiyası, mədəni irsi və tarixi abidələri haqqında uşaq və gənclərin maarifləndirilməsindən ibarətdir.
Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin "Məktəblərdə Naxçıvan ayı” layihəsi ilə bağlı tədbirlər planına əsasən ümumi təhsil müəssisələrində “Dəyirmi masa” və debatlar, maarifləndirici tədbirlər, ədəbi-bədii kompozisiyalar, sinif təşkilat saatları keçirilib, məktəb kitabxanalarında Naxçıvanın qədim tarixi, etimologiyası haqqında yazılmış əsərlərlə tanışlıq üçün şagirdlərlə müzakirələr aparılıb.
Həmçinin Naxçıvanın zəngin tarixinə, mədəni irsinə və tarixi abidələrinə həsr olunmuş inşa müsabiqəsi və seminarlar təşkil olunub, sənədli filmlər nümayiş edilib.
Bundan başqa, ümumi təhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında “Qədim türk diyarı-Naxçıvan” adlı intellektual oyun və müsabiqə keçirilib.
Qeyd edək ki, "Məktəblərdə Naxçıvan ayı” layihəsi çərçivəsində keçirilən tədbirlərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri, müəllim və şagirdlər iştirak edib.
Ruhiyyə Mehdiyeva