Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ucardakı ağır yol qəzasında ölən şəxslərin kimliyi məlum olub, yaralı sayı 22-ə çatıb - YENİLƏNİB

Ucardakı ağır yol qəzasında ölən şəxslərin kimliyi məlum olub, yaralı sayı 22-ə çatıb - YENİLƏNİB


Ucarda baş verən ağır yol qəzasında ölən şəxslərin kimliyi məlum olub.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, qəza nəticəsində dünyasını dəyişənlər Bərdə rayon sakini, 1989-cu il təvəllüdlü Günel Əlövsət qızı Allahverdiyeva və Mingəçevir şəhər sakini, 1987-ci il təvəllüdlü İlkin Allahverən oğlu Abdullayevdir.

Hadisə zamanı xəsarət alanların sayı isə 22 nəfərə çatıb.

Qeyd edək ki, hadisə Bakı – Qazax yolunun rayonun Qulabənd kəndindən keçən hissəsində qeydə alınıb. Yol qəzası zamanı 14 avtomobil toqquşub.

BDYPİ-nin şöbə rəisi Rövşən Tağıyev "Report"a bildirib ki, ilkin ehtimala görə, qəza dumanlı yolda bir neçə nəqliyyat vasitəsinin yolun hərəkət hissəsində durması nəticəsində arxadan gələn nəqliyyat vasitələrinin vaxtında reaksiya verə bilməyərək onlara çırpılması nəticəsində baş verib.

Faktla bağlı araşdırma aparılır.

07:27

Ucar rayonunda 13 avtomobilin iştirakı ilə baş vermiş zəncirvari yol-nəqliyyat hadisəsində iki nəfər ölüb, 12 nəfər yaralanıb.

”Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Bakı – Qazax yolunun rayonun Qulabənd kəndindən keçən hissəsində qeydə alınıb.

Qəzaya uğrayan “Mercedes”in sürücüsü “Report”a yolun qarşı tərəfində baş vermiş qəza ilə əlaqədar dayandıqlarını, bu əsnada arxadan gələn “KamAZ” markalı yük maşınının avtomobillərə çırpıldığını bildirib.

Yaralılardan bəziləri Ucar Rayon Mərkəzi Xəstəxanasına, digərləri isə Göyçay Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Bundan başqa, olay yerinə Göyçay Rayon Mərkəzi xəstəxanasının təcili tibbi yardım briqadası köməyə gəlib.

Hadisə yerinə FHN-nin xüsusi riskli qəza xilasetmə dəstəsinin əməkdaşları cəlb olunub, avtobillərdə sıxılıb qalmış sərnişin və sürücülər avtomobillərdən çıxarılıb.

Qəza zamanı xəsarət alanlar – 45 yaşlı Ruslan Məmmədov, 18 yaşlı Səbinə Əliyeva, 56 yaşlı Mərdan Qasımov, 65 yaşlı Sahib Əhmədov, 58 yaşlı Nəcibə Abdullayeva, 70 yaşlı Əlövsət Əliyev, 42 yaşlı Aftandil Hüseynov, 44 yaşlı Niyaməddin Məmmədov, 65 yaşlı Günəş Əliyeva, 5 yaşlı N.A., 44 yaşlı Əlizamin Məmmədov xəstəxanaya yerləşdirilib. Hadisədə ölənlər isə aidiyyəti üzrə təhvil veriliblər.

Faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş