Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Hesablama Palatası Naxçıvan Dövlət Universiteti ilə əməkdaşlıq edəcək

Hesablama Palatası Naxçıvan Dövlət Universiteti ilə əməkdaşlıq edəcək


Bu gün Hesablama Palatası ilə Naxçıvan Dövlət Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb.

Newscenter.az Palataya istinadən xəbər verir ki, memoranduma əsasən elmi-praktik əlaqələrin inkişaf etdirilməsi, ixtisaslı kadr hazırlığının təmin olunması, qarşılıqlı maraq doğuran sahələrdə mövcud təcrübənin bölüşülməsi və s. istiqamətlərdə fəaliyyətlər nəzərdə tutulub.

Palatanın sədri Vüqar Gülməmmədov Universitetin tələbələri ilə görüşüb. Görüşdə Universitetin rektoru Elbrus İsayev, həmçinin iki qurumun əməkdaşları iştirak ediblər.

V.Gülməmmədov dövlət maliyyəsinin idarəedilməsi, ona nəzarətin nəzəri-praktik aspektlərinə toxunub. Eyni zamanda, sədr Palatanın strateji idarəetmə çərçivəsinə diqqət yetirib, müxtəlif ali təhsil müəssisələri ilə əlaqələrin genişləndirilməsi istiqamətində bir sıra proqramların həyata keçirildiyini qeyd edib.

Sədr bu çərçivədə Universitetlə birgə fəaliyyətin nəzərdə tutulduğunu vurğulayıb. O, “Dövlət sektorunda audit” təlim layihəsi üzrə praktik təlimlərin əhəmiyyətindən, ixtisaslı kadrların hazırlanmasının önəmindən bəhs edib.

V.Gülməmmədov qeyd edib ki, gələcəkdə Universitetlə əməkdaşlıq təkcə təlim proqramı ilə məhdudlaşmayacaq, həm də tələbələrin Palatada təcrübə keçməsi, karyera inkişafı üçün təlimlərə cəlb edilməsi, birgə tədqiqat işlərinin aparılması, universitet tələbələrinin sahə üzrə ən yaxşı məqalələrinin "Dövlət auditi" jurnalında nəşr olunması, müvafiq fənlər üzrə tədris proqramlarının müəyyənləşdirilməsinə dəstəyin verilməsi nəzərdə tutulur.

Görüş çərçivəsində Palatanın əməkdaşları qurumun fəaliyyəti ilə bağlı geniş təqdimatlarla çıxışlar ediblər.

Daha sonra tələbələrlə dövlət maliyyə nəzarətinin əhəmiyyəti barədə fikir mübadiləsi aparıb, onları maraqlandıran suallar cavablandırılıb.

“Dövlət sektorunda audit” layihəsi çərçivəsində yüksək fəallıq və nəticə göstərmiş tələbələrə xüsusi sertifikatların verilməsi, həmçinin Palatanın müvafiq struktur bölmələrində fəaliyyətə cəlb olunmaları planlaşdırılır.
Xəbəri paylaş