Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistan və Azərbaycan müəyyən məsələlərin həllində vasitəçisiz də razılaşa bilərlər

Ermənistan və Azərbaycan müəyyən məsələlərin həllində vasitəçisiz də razılaşa bilərlər


"Ermənistanla Azərbaycan arasında demarkasiya və delimitasiya işlərinin nə qədər tez başlaması və yekunlaşması hər iki dövlət arasında sülh prosesinin sürətlənməsinə müsbət təsir göstərərdi. Bakı maraqlıdır ki, Ermənistanla münasibətlərin tezliklə normallaşmasına və regional sülhün, təhlükəsizliyin əldə olunmasına nail olsun".

Newscenter.az xəbər verir ki, bu fikirləri AMİP Siyasi Şurasının üzvü, partiya liderinin köməkçisi Əli Oruclu səsləndirib. O bildirib ki. prosesin uğuru və surəti Cənubi Qafqaza nüfuz etmək istəyən xarici güclərin təxribat və qarşıdurma planlarını da önləyə bilər:

"Erməni işğalında olan Qazax rayonun 4 kəndinin azad edilməsi onu göstərdi ki, Ermənistan və Azərbaycan müəyyən məsələlərin həllində vasitəçisiz də razılaşa bilərlər. Əksinə nə qədər vasitəçi çox olarsa proses çətinləşir. Erməni cəmiyyətində narazılığın olması, reallıqla barışmayan qüvvələrin pozucu əməlləri onsuz da fayda verməyəcək. Çünki çoxluq artıq yorulub və münaqişənin alovlanmasını istəmir. Qarşıdurmanın bu dəfə dağıdıcı və genişmiqyaslı olacağını anlayanlar çətin də olsa revanşistlərdən fərqli düşünmək məcburiyyətindədirlər. Ancaq Fransanın və Rusiyanın timsalında destruktiv addımların atılması ehtimalını da nəzərdən qaçırmaq olmaz. Qərbin Cənubi Qafqaza hazırkı yanaşması sülhə dəstək vermək və həvəsləndirməyə təəssüf ki, köklənməyib. Daha çox birmənalı surətdə Azərbaycana davamlı təzyiq və regionda açıq aşkar təmas xətti yaratmağa yönəlib. Lakin Cənubi Qafqazda sülhə və təhlükəsizliyə müvəffəq olmadan regiona maraqlı olan güclərin maraqlarının təmin olunması çox çətin olardı".

Əli Oruclu deyib ki, Azərbaycanın delimitasiya prosesində indiki mövqeyi təqdirəlayiqdir və bu cür davam etməsi də arzuolunandır:

"Şübhə etmirəm ki, keçmiş sovet rəhbərliyinin təşəbbüsü ilə Ermənistana verilən digər torpaqlarımız, o cümlədən bu gün Azərbaycanın anklav hala düşən kəndlərimiz də ətrafı ilə birlikdə geri qaytarılacaq".

Süleyman
Xəbəri paylaş