Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sarvan Cəfərov: "COP29-a ev sahibliyinin aqrar və ekoloji siyasətdə mühüm rolu olacaq"

Sarvan Cəfərov: "COP29-a ev sahibliyinin aqrar və ekoloji siyasətdə mühüm rolu olacaq"



Azərbaycanın bu il Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməsi ölkədə aqrar və ekoloji siyasətin qabaqcıl beynəlxalq təcrübəyə, texnoloji mübadilə və innovasiyalara uyğunlaşdırılmasında mühüm rolu olacaq.

Newscenter.az xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov bu gün Yevlaxda keçirilən “İqlim dəyişikliyinə adaptasiya edən torpaq və resurs qoruyucu yeni texnologiyaların nümayişi" mövzusunda respublika müşavirəsində bildirib.

Onun sözlərinə görə, bu istiqamətdə innovativ yanaşmaların və alətlərin istifadəsi ətraf mühitin qorunması ilə yanaşı, kənd təsərrüfatının davamlılığına, ekoloji təmiz ərzaqla təminatına, habelə kənd yerlərində rifahın artmasına töhfə verəcək.

"Həmçinin, iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə ölkə Prezidentinin Sərəncamı ilə 2024-cü il ölkəmizdə "Yaşıl dünya naminə həmrəylik ili" elan olunub və bu məqsədlə ölkəmizdə bir sıra beynəlxalq və yerli tədbirlərin keçirilməsinə başlanılıb. Belə tədbirlərdən biri kimi bu gün burada Kənd Təsərrüfatı Nazirliyi "Azərşəkər" MMC ilə birlikdə respublika müşavirəsi keçirir. Bu baxımdan müşavirənin gündəliyinə uyğun olaraq müasir su ehtiyatlarına qənaət edən texnologiyalardan istifadə, eləcə də karbon emissiyasının azaldılması yollarına dair ediləcək təqdimatlarla yanaşı, qabaqcıl və innovativ texnologiyalar nümayiş etdiriləcək. Təqdim edilən bir sıra texnologiyaların respublikanın müəyyən bölgələrində sınaqları keçirilib. Bu texnologiyaların geniş ərazilərdə tətbiqi məhdud resurslar şəraitində torpaq və sudan daha səmərəli istifadəyə imkan verir", - deyə nazir müavini qeyd edib.

S.Cəfərov əlavə edib ki, ölkədə kənd təsərrüfatı sahəsində innovasiyaların tətbiqi ilə bağlı artıq çoxsaylı təcrübələr yaranıb: "Belə ki, nazirliyin tabeliyində olan elmi-tədqiqat institutları təcrübə xarakterli, özəl şirkətlər isə kommersiya məqsədli "ağıllı istixana" və "ağıllı bağ"lar qurub, torpaq və su sensorları, "ağıllı" suvarma sistemləri, aqrodronlar, agrorobotlar, "dəqiq" əkin texnologiyaları tətbiq edilib. Kənd təsərrüfatında innovativ texnologiyaların tətbiqi aqrar sektor haqqında təsəvvürlərin dəyişməsinə səbəb olur və onu daha çox gəlirli, səmərəli bir sahəyə çevirir. Bu gün müasir təsərrüfatlar rəqəmsal texnologiyalarla böyük mənfəətlər əldə edirlər. Bu texnologiyalar kənd təsərrüfatı məhsul istehsalçılarına dəqiq əkinçiliyin həyata keçirilməsinə, sudan və gübrədən daha səmərəli istifadə etməyə, rəqabətqabiliyyətli məhsulun istehsalına, eləcə də ətraf ekosistemə mənfi təsirin aradan qaldırılmasına imkan verir".

Nərgiz Əzizova
Xəbəri paylaş