Newscenter.az.7.12.2018. Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Tələbə Elmi Cəmiyyətinin (TEC) yaradılmasına həsr edilmiş tədbir keçirilib. Təhsil ocağından Newscenter.az-a bildirilib ki. Aİİ rəhbərliyinin, müəllim və tələbə heyətinin iştirak etdiyi tədbirdə TEC-in məqsəd və gələcək perspektivləri müzakirə olunub.
Aİİ rektoru Ceyhun Məmmədov bildirib ki, İnstitutda tələbələrin dünya görüşünün, intellektual səviyyəsinin, mənəvi dünyasının zənginləşdirilməsi, elmi axtarışlara sövq edilməsi məqsədilə müxtəlif mövzularda seminarlar və görüşlər təşkil olunur. Rektor qeyd edib ki, qarşıda duran vacib vəzifələrdən biri tələbələri elmi fəaliyyətə istiqamətləndirmək, bu yöndə onların fəallığına nail olmaqdır.
C.Məmmədov bildirib ki, tələbələrin elmi araşdırmaları ilə bağlı məsələlərin operativ həllinə nail olmaq üçün onların professor-müəllim heyəti ilə qarşılıqlı əlaqələrini gücləndirmək lazımdır.
Tədbir işirakçılarının səsverməsi ilə Aİİ üzrə TEC-in sədri Nicat Ehtibaroğlu, müavinləri isə Emin Orucov və Elnarə Ağaoğlu seçilib.