Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"100 şəhid anasının hər birinə 11 min manat ödəməyə hazıram”

"100 şəhid anasının hər birinə 11 min manat ödəməyə hazıram”


Newscenter.az.13.12.2018. Azərbaycanın hər bir vətəndaşının prezidenti olan Cənab İlham Əliyev hər zaman əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsinin gücləndirilməsi, onların sosial problemlərinin həllində maraqlı olub, mütəmadi olaraq imzaladığı fərman və sərəncamlarla bu qəbildən olan insanların sosial müdafiəsinin gücləndirilməsinə nail olub. Dövlət başçısı hər bir sahənin təmsilçisi, nümayəndəsi kimi Qarabağ müharibəsi iştirakçıları, şəhid ailələrinə də xüsusi həssaslıqla, diqqət və qayğı ilə yanaşır. Elə bir müddət əvvəl Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Fərmanına uyğun olaraq şəhid hərbi qulluqçuların ailələrinə, onların vərəsələrinə birdəfəlik ödəmələrin verilməsi prosesinə başlanılması da deyilənlərin əyani təsdiqidir. Öncəliklə qeyd edək ki, bu, Prezident İlham Əliyev tərəfindən atılan çox humanist bir addımdır. Azərbaycan dövləti, Prezident İlham Əliyev şəhid ailəsinin, Qarabağ müharibəsi əlilinin, bütövlükdə, sosial müdafiəyə ehtiyacı olan hər bir vətəndaşın yanındadır. Məlumat üçün qeyd edək ki, “Həqiqi hərbi qulluqçuların şəxsi icbari sığortası haqqında” qanun 1997-ci ildə qəbul olunub və bundan sonra hərbi xidmət vəzifəsini yerinə yetirərkən dünyasını dəyişən, itkin düşüb ölmüş hesab olunan və əlil olanlar üçün birdəfəlik sığorta haqqı verilir. Amma 1997-ci ilə qədər bu kateqoruyadan olan insanların və ailələrinin sığorta almaq imkanları olmayıb. Onların bəziləri Nazirlər Kabinetinin qərarı ilə birdəfəlik müavinət alıb, digərləri isə heç bir ödəmə almayıb. 2014-cü ildə Konstitusiya Məhkəməsinin qərarından sonra hökumət tərəfindən bu sığorta haqqlarının verilməsi üçün yollar axtarılırdı. Bu ilin aprel ayında keçirilən prezident seçkilərindən sonra dövlət başçısı ilk olaraq bu məsələ ilə bağlı Fərman verdi. Fərmana əsasən bu il sığorta haqlarının verilməsi üçün 58 milyon manat ayrılıb. Bu məqsəd üçün gələn il yenə vəsait ayrılacaq. Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işçi qrupu və komissiya fəaliyyət göstərir. Proses tamamilə şəffaf həyata keçirilir. Müraciət edən bütün şəxslərlə bağlı araşdırmalar aparılır. Müraciət edənlərin 99 faizinə müsbət cavab verilib və hazırda ödəmələrin verilməsinə başlanıb. Digər insanların da müraciətlərinə obyektiv şəkildə baxılır.

Ancaq təəssüfedici məqam ondan ibarətdir ki, dövlətin və dövlət başçısının bu humanist addımından sui-istifadə etməyə, yaxud adıçəkilən qəbildən olan vətəndaşlarımız arasında çaşqınlıq yaratmağa cəhdlər edilir. Müəyyən qüvvələr şəhid ailələrini dövlətin müvafiq strukturları qarşısında aksiyaya cəlb edərək bu humanist addıma kölgə salmağa, mənfi rəy formalaşdırmağa çalışırlar. Yaranmış mənfi tendensiya müxtəlif ölkələrdə fəaliyyət göstərən iş adamlarımız, biznesmenlərimizi də narahat edir.

“Ümumdünya Azərbaycan Mədəniyyət Fondu” nun və “Dünya Azərbaycanlıları İttifaqı” nın Prezidenti Fizuli Məmmədov təəssüf hissi ilə qeyd edir ki, şəhid ailələrinin problemləri yenidən azərbaycan ictimaiyyətinin diqqət mərkəzindədir. Onun sözlərinə görə, oktyabr ayının ortalarından bəri təxminən 100 şəhid ailəsi mütəmadi olaraq Milli Məclis və Azərbaycan Prezident Administrasiyası binalarının qarşısında aksiya keçiriblər:

“Onlar Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi uğrunda həlak olmuş ailə üzvlərinə düşən təzminatların ödənilməməsindən şikayət edirlər. Xatırladıram ki, Azərbaycan Prezidenti İlham Əliyev 1991 ci ildən 2 avqust 1997 ci ilə qədər Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinə 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə verilməsi haqqında fərman imzalayıb. Birdəfəlik ödəmələrin verilməsinə 9 oktyabrdan başlanılıb. Buna baxmayaraq, bir çox şəhid ailələrinə ödəmələrdən imtina edilib”.

Fizuli Məmmədov hesab edir ki, belə şəraitdə Azərbaycan biznesinin, o cümlədən diasporun nümayəndələri şəhid ailələrinə kömək etməlidirlər:

“Öz oğullarını itirdiklərinə görə ödəmə almaq üçün çoxsaylı aksiyalar keçirən şəhid analarının alçaldılmasına qətiyyən yol vermək olmaz. Bu məsələnin ümummilli biabırçılıq səviyyəsinə çatdırılmaması üçün dərhal şəhid analarının problemlərini həll etmək lazımdır. Axı onların oğulları bizim ümumi Vətənimiz Azərbaycanı müdafiə edərkən həlak olublar. Ona görə də biz hamımız bu qadınlar qarşısında borcluyuq. Mən hesab edirəm ki, biznes nümayəndələri vətənpərvərlik nümayiş etdirməli və şəhid ailələrinin problemlərinin həllində fəal iştirak etməlidirlər. Bunun üçün Azərbaycan hökuməti şəhid ailələrinə təzminatların ödənilməsi problemini həll etmək məqsədilə imkanlı azərbaycanlı iş adamlarını cəlb etmək üçün sərəncam verməlidir. Şəxsən mən bu problemin həllində ən fəal şəkildə iştirak etməyə və Azərbaycanın ərazi bütövlüyü uğrunda müharibədə övladlarını itirmiş 100 şəhid anasına 11 min manatdan ödəmə etməyə hazıram. Hər bir şəhid anası mənim üçün doğma anam və bacımdır və onlara maddi kömək göstərməyə hazıram. Azərbaycanın əsl vətənpərvərlərinə, ilk növbədə imkanlı iş adamlarına müraciət edirəm ki, məni nümunə götürsünlər və digər şəhid ailələrinə də kömək etsinlər. O zaman bu problem çox tez həllini tapacaq. Qarabağ müharibəsi - yalnız şəhid ailələrinin ağrısı deyil, bütün Azərbaycan xalqının dərdidir və biz hamımız bu yaranı sağaltmalıyıq”.
NEWSCENTER.AZ
Xəbəri paylaş