Newscenter.az.13.12.2018. BƏƏ-nin kolalarab.net internet portalında “Azərbaycan xalqı öz ümummilli lideri Heydər Əliyevi unutmur” sərlöhvəli məqalə dərc edilmişdir.
Newscenter.az-a Azərbaycanın BƏƏ-dəki səfirliyindən daxil olan məlumata görə, məqalədə bildirilir ki, müasir müstəqil Azərbaycanın banisi və qurucusu Heydər Əliyevdir. Ulu öndər Heydər Əliyev bütöv bir qərinə ərzində Azərbaycana rəhbərlik edib, müstəqilliyin bərpa edilməsi, yeni dövlətin yaradılması kimi istiqamətlərdə mühüm rol oynayıb və bütün həyatını xalqının, vətəninin inkişafına və yeni dövlət quruculuğuna həsr edib.
Müəllif yazır ki, Heydər Əliyev bu gün də Azərbaycanın hər bir vətəndaşının qəlbində yaşayır və ölkənin müasir tarixində canlı xatirə kimi qalacaqdır. Məhz Heydər Əliyev ölkəni parçalanmaqdan xilas edib, vətəndaş birliyinə, möhkəm sabitliyə və iqtisadi tərəqqiyə nail olub.
Ümummilli Liderin həyatı barədə oxucularına məlumat verən müəllif Heydər Əliyevin keçdiyi mənalı ömür yolundan, tutduğu yüksək vəzifələrdən bəhs edib, Sovet İttifaqının dağılmasından sonra 1993-cü il iyunun 15-də Azərbaycan parlamentinin sədri seçildiyini, iyunun 24-də prezidentlik səlahiyyətlərinin icrasına başladığını bildirib.
Heydər Əliyevin hakimiyyəti illərində Azərbaycanın bir çox sahələrdə, daxili və xarici siyasət, iqtisadiyyat, ticarət, mədəniyyət və sair kimi mühüm sahələrdə köklü islahatlar aparıldığına diqqət çəkən müəllif ölkənin beynəlxalq arenada və Cənubi Qafqaz regionunda aparıcı dövlətlərdən birinə çevrildiyini, yeni xarici siyasət konsepsiyasına əsaslanaraq beynəlxalq birlik, dünya dövlətləri, eləcə də özünü ayrılmaz hissəsi hesab etdiyi İslam dünyası və ərəb ölkələri ilə ikitərəfli əlaqələrini bərpa etdiyini diqqətə çatdırıb.
Müəllif qeyd edib ki, Heydər Əliyev irsinə və xarici siyasət kursuna sadiq qalan Azərbaycan bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə dinamik inkişaf edir, ölkədə sabit demokratik və iqtisadi islahatlar aparılır və Azərbaycan beynəlxalq əlaqələr müstəvisində etibarlı güclü bir tərəfdaşa çevrilib.
Məqalənin “Heydər Əliyev və ərəb dünyası, milli-mənəvi dəyərlər” hissəsində müəllif Azərbaycanın islam dünyasının ayrılmaz bir hissəsi olduğunu, öz milli-mənəvi dəyərlərinə sadiq qaldığını, hələ sovetlər birliyi dönəmində Azərbaycan xalqının dini ibadətlərə gizli şəkildə də olsa riayət etdiyini diqqətə çatdırıb, Ulu Öndərin 1993-2003-cü illər hakimiyyəti illərində Azərbaycanda bir sıra məscid və ibadət evlərinin tikildiyini bildirib, bu gün Azərbaycan cəmiyyətinin tolerant bir cəmiyyət olduğunu və müxtəlif dinlərin mənsublarının ölkədə bir ailə kimi yaşadığını qeyd edib, Ulu Öndərin 1994-cü ildə Səudiyyə Ərəbistanına səfəri zamanı Məkkə və Mədinəni ziyarət etdiyini oxucularının diqqətinə çatdırıb.
Məqalədə Azərbaycanın İslam dünyası ilə əlaqələrinin inkişafında 1994-cü ilin dekabrında Mərakeşin Kasablanka şəhərində keçirilən VII İslam Zirvə Toplantısının mühüm rol oynadığını, tədbirdə Heydər Əliyevin iştirak etdiyini, səfər çərçivəsində Mərakeşin mərhum Kralı II Həsən, İordaniyanın mərhum Kralı Hüseyn bin Təlal, Küveytin mərhum Əmiri Cabir Əl-Əhməd əl-Cabir əs-Subah və digərləri ilə tarixi görüşlər keçirdiyi xatırlanıb. Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında sıx münasibətlərin əsası da məhz bu tədbir çərçivəsində dahi lider Heydər Əliyevin BƏƏ-nin qurucusu və mənəvi atası Şeyx Zayed əl Nəhyanla görüşü ilə qoyulub.
Daha sonra Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan müəllif İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ilə Azərbaycan arasında səmərəli əməkdaşlıq və möhkəm dostluq əlaqələrinin olduğunu, İƏT-in münaqişə ilə bağlı müvafiq qətnamələr qəbul etdiyini bildirib, bu qətnamələrdə təşkilatın Ermənistanın Azərbaycan Respublikasına qarşı təcavüzünü pislədiyini, Ermənistan ordusunun Azərbaycanın işğal olunmuş ərazilərini dərhal və qeyd-şərtsiz boşaltmasını tələb etdiyini diqqətə çatdırıb.
Hazırda Azərbaycan Respublikasının islam dünyası və ərəb ölkələri ilə möhkəm və sağlam dostluq münasibətlərinə malik olduğunu qeyd edən müəllif ölkəmizin İƏT, İSESKO və digər nüfuzlu islam və ərəb təşkilatları ilə sıx əməkdaşlıq etdiyini və islam dünyası ilə bağlı keçirilən mötəbər tədbirlərə ev sahibliyini etdiyini vurğulayıb.
Sonda müəllif qeyd edib ki, müasir müstəqil Azərbaycanın banisi və rəhbəri ümummilli lider Heydər Əliyev nəcib əməlləri, gördüyü böyük işlər və ölməz nailiyyətləri ilə öz xalqının xatirəsində daim yaşayacağını, Ulu Öndərin ideya və fikirlərinin müstəqil Azərbaycanın islam və ərəb dünyası ilə əlaqələrinin və əməkdaşlığının daha da güclənməsinə xidmət edəcəkdir.
Məqalə ilə aşağıdakı linkdə tanış olmaq mümkündür.
http://www.kolalarab.net/news-128267.htm#.XBC_VTFS-70