Newscenter.az.18.01.2019. “Qanla qazanılmış müstəqillik: 20 Yanvar Bakı qətliamı” adlı konfrans İstanbul Universitetində Azərbaycan Mədəniyyət və Həmrəylik Birliyi və “Hazarfem” Azərbaycan-Türkiyə dostluq cəmiyyətinin birgə təşkilatçılığı ilə baş tutub.
Newscenter.az-a İstanbul Universiteti Azərbaycan Mədəniyyət və Həmrəylik Birliyi İctimaiyyətlə əlaqələr departamentindən bildirilib ki, tədbirdə Azərbaycanın İstanbuldakı konsulluğunun nümayəndələri, siyasət, elm və mədəniyyət xadimləri, tələbələr iştirak ediblər.
Konfransda əvvəlcə hər iki qardaş ölkənin şəhidlərinin xatirələri bir dəqiqəlik sükutla yad edilib, dövlət himnləri səsləndirilib. Qanlı Yanvar faciəsindən bəhs edən videoçarx nümayiş etdirilib.
Azərbaycan Mədəniyyət və Həmrəylik Birliyinin başqanı Rəşid Həsən Mustafazadə çıxış edərək 20 Yanvar faciəsinin Azərbaycan tarixinin kədərli səhifəsi, eyni zamanda, qəhrəmanlıq dastanı olduğunu dilə gətirib.
“Hazarfem” Azərbaycan-Türkiyə dostluq cəmiyyətinin rəhbəri Nuran Acar, Qanlı Yanvar faciəsi şəhidlərinin əziz xatirəsinin türk xalqının qəlbində daim yaşayacağını bildirib.
Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü, professor Aygün Attarın mövzu ilə əlaqədar məruzəsi dinlənilib. A.Attar çıxışında iştirakçıları 20 Yanvar faciəsinin səbəbləri və nəticələri barədə təfərrüatlı şəkildə bilgiləndirib. O qeyd edib ki, 20 Yanvar hadisəsi Azərbaycanın müstəqillik yolunda əsl dönüş nöqtəsi rolunu oynayıb. Tədbirdə A.Attarın müəllifi olduğu, erməni vəhşiliklərini ifşa edən "Erməniçilik müasir dövrün problemi kimi” kitabı haqqında məlumat verilib.
Daha sonra konfrans iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
İstanbul Universitetində ilk dəfə olaraq fəaliyyətə başlayan birliyin əsas məqsədi azərbaycan kökənli gənclərə dəstək vermək və özlərini daha yaxşı ifadə etmələrinə yardımçı olmaq, yerli və xarici tələbələrə Azərbaycan mədəniyyəti, ədəbiyyatı və tarixini düzgün şəkildə tanıtmaq, “Bir millət, iki dövlət” şüarını əsas tutaraq qardaş ölkə gənclərinin əməkdaşlığını, qaynaşmasını təmin etməkdir.
Qeyd edək ki, İstanbul Universiteti Türkiyənin ən qədim universiteti olmaqla yanaşı, dünyanın ən yaxşı 500 universiteti siyahısına daxil olmuş (2006) ilk Türkiyə universitetidir və eyni zamanda Asiyanın ən yaxşı 100 universiteti sırasındadır. Universitet iki Nobel mükafatçısını yetişdirib.