Newscenter.az.8.02.2019. Prezident İlham Əliyev Sosial Tədqiqatlar Mərkəzinin yaradılması haqqında fərman imzalayıb.
Newscenter.az-ın məlumatına görə, mərkəzin yaradılmasında əsas məqsəd ictimai əhəmiyyətli məsələlərin araşdırılması və ictimai rəyin öyrənilməsi üçün əlavə vasitə yaratmaq, bu sahədə təhlil, tədqiqat və proqnozlaşdırma işinin səmərəliliyini artırmaq, sosial tədqiqatlarda müasir informasiya texnologiyalarından və qabaqcıl elmi-metodoloji yanaşmalardan istifadəni genişləndirməkdir.
Fərmana əsasən, Sosial Tədqiqatlar Mərkəzi publik hüquqi şəxs kimi fəaliyyət göstərəcək və ictimai münasibətlərin inkişaf dinamikasının sistemli təhlilini aparacaq, bu sahədə mövcud tendensiyaları müəyyənləşdirəcək və dəyişiklikləri proqnozlaşdıracaq, həmin dəyişikliklərin cəmiyyətə mümkün təsirlərini araşdıracaq, müasir informasiya texnologiyaları və elmi yanaşmalar tətbiq edilməklə ictimai fikrin öyrənilməsini və sosial tədqiqatlar aparılmasını təmin edəcək, həyata keçirdiyi elmi-analitik təhlilin nəticələrini dövlət orqanlarına təqdim edəcək.
Fərmanda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına, Nazirlər Kabinetinə və Ədliyyə Nazirliyinə müvafiq tapşırıqlar verilib.