Newscenter.az.8.02.2019. Binəqədi rayon İcra Hakmiyyəti, Loqos Psixoloji və Nitq İnkişaf Mərəzi və Psixoloji Xidmət və Tədqiqatlar İB-nin təşkilatçılığı ilə 283 saylı tam orta məktəbdə “Psixi sağlamlığımızı qoruyaq” adlı tədbir keçirilib.
Newscenter.az xəbər verir ki, tədbirdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri , psixologiya üzrə fəlsəfə doktoru Təranə Məmmədova, 283, 3 saylı məktəblərin və 83 saylı məktəb liseyin müəllim, valideyn heyəti iştirak ediblər.
Tədbiri açıq elan edən 283 saylı məktəbin direktoru Tünzalə Zeynalova belə bir mövzuda tədbirin məhz rəhbərlik etdiyi məktəbdə keçirilməsini təqdirəlayiq hesab edib və təşkilatçılara təşəkkürünü bildirib.
Sonra çıxış edən “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri Təranə Məmmədova tədbiri təşkilində göstərdikləri diqqətə görə rayon rəhbərliyinə minnətdarlığını bildirib və natiq ilkin və təcili psixoloji yardım, psixoanaliz, böhran vəziyyəti, ailə terapiyası, davranış psixologiyası, neyropsixologiya, psixopatologiya, klinik psixologiya, psixoloq, psixoloji problem, psixoloji yardım anlayışlarının mənalarının lakonik və məzmunlu formada ifadə olunduğunu diqqətə çatdırıb. Natiq qeyd edib ki, psixoloji problemlərin həlli, stress vəziyyətlərin nəticələrinin aradan qaldırılması, şəxsiyyətlərarası münasibətlərin və psixi sağlamlığın yaxşılaşdırılması, şəxsiyyətin inkişafı, sosial adaptasiya məqsədi ilə psixoloji prinsiplər və metodlar əsasında həyata keçirilən tədbirlər yardımın tərkib hissəsidir.
Daha sonra tədbirin moderatoru “Loqos” Psixoloji və Nitq İnkişafı Mərkəzinin baş psixoloqu, psixologiya üzrə fəlsəfə doktoru Elmira Mirzəyeva tədbirin proqramı haqqında geniş məlumat verib.
Məruzə ilə çıxış edənlər psixoterapevt-psixoanalitik Elmir Əkbər, uşaq psixoloqu Aygül Məlikova və psixoloq Sara Sadıqlı müxtəlif psixoloji mövzular haqqında geniş məlumat veriblər və auditoriyanın suallarını cavablandırıblar.
Sonda çıxış edən Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva əhalinin sağlamlığının qorunması hər bir insanın fiziki və ruhi sağlamlığının mühafizəsinə, onun fəal uzun ömürlüyünün artırılmasına, tibbi yardımla təminatına yönəldilmiş siyasi, iqtisadi, hüquqi, elmi, tibbi, sanitariya-gigiyena xarakterli tədbirlərin məcmusundan ibarətdir. Natiq bildirib ki, mütəmadi olaraq rayonda belə mövzuda tədbirlərin təşkil edilməsi adət halını alıbdır. Psixi sağlamlığın qorunması geniş spektrli fəaliyyəti əhatə edir. Bu fəaliyyət birbaşa və ya dolayı yolla fiziki, mənəvi və sosial əmin-amanlığı təmin edir. Buraya sağlamlığın möhkəmləndirilməsi, psixi pozğunluğun profilaktikası, eləcə də psixi pozğunluqdan əziyyət çəkən insanların müalicəsi və reabilitasiyası aiddir. Dövlətimiz tərəfindən bu sahənin inkişaf etdirilməsi istiqamətində kifayət qədər işlərin görüldüyünü bildirib.
Tədbirdən sonra psixoloji müayinə üçün sualları olanlarla söhbət aparılıb.