Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Tərtərdə və Bərdədə yem emalı müəssisələri fəaliyyətə başlayıb

Tərtərdə və Bərdədə yem emalı müəssisələri fəaliyyətə başlayıb


Newscenter.az.18.03.2019. Azərbaycan Hökuməti və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi tərəfindən birgə həyata keçirilən "Sosial-iqtisadi inkişaf fəaliyyəti" (SEDA) layihəsi çərçivəsində daha bir yem emalı müəssisəsi Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində fəaliyyətə başlayıb.

Newscenter.az xəbər verir ki, yem emalı müəssisəsinin istifadəyə verilməsi ilə bağlı İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə tədbir keçirilib.

Tədbirdə çıxış edən KOBİA-nın İdarə Heyəti sədrinin müavini Elçin İbrahimov, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin layihə meneceri Pərviz Musayev regionlarda icma əsaslı biznesyönümlü layihələrin icrasının, o cümlədən Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində yem emalı müəssisəsinin istifadəyə verilməsinin bölgədə aqrar sektorun inkişafı, heyvandarlıq və bitkiçilik sahəsində fəaliyyətin genişləndirilməsi, yemə olan tələbatın ödənilməsi və məşğulluğun artırılmasında əhəmiyyətli olduğunu qeyd ediblər.

Azərbaycan Hökuməti və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi tərəfindən birgə həyata keçirilən layihə çərçivəsində həmin gün Bərdə rayonunun Yeni Daşkənd kəndində də yem emalı müəssisəsi istifadəyə verilib.

Bu, Azərbaycan Hökuməti və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin birgə həyata keçirdiyi SEDA layihəsi çərçivəsində istifadəyə verilmiş sayca 22-ci yem emalı müəssisəsidir.

Müəssisələrdə yem emalı üçün istehsal sahəsi və anbar inşa olunub, hər birinin gücü saatda 2 ton olan toxum təmizləyən, yem üyüdən və ot doğrayan avadanlıqlar quraşdırılıb, yeni iş yerləri açılıb.

Kənd sakinləri göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.
Xəbəri paylaş