Newscenter.az.22.04.2019. Kənd Təsərrüfatı Nazirliyi yaninda Dövlət Fitosanitar Xidmətinin (DFX) mütəxəssisləri tərəfindən Respublikanının taxılçılıq rayonlarında karantin tətbiq edilən, eləcə də təsərrüfat əhəmiyyətli zərərli orqanizmlərə və xəstəliklərə qarşı fitosanitar müşahidələr və kimyəvi mübarizə davam etdirilir.
Newscenter.az nazirliyə istinadən xəbər verir ki, bölgələrdə hava şəraitinin yağmurlu və rütübətli keçməsi bəzi taxılçılıq rayonlarının taxıl əkini sahələrində Sarı pas xəstəliyinin (Piccinia Striiformis West) yayılmasına şərait yaratdığı üçün DFX-nin yerli mütəxəssisləri tərəfindən fitosanitar müşahidə və kimyəvi mübarizə tədbirləri həyata keçirilir. Bərdə rayonunda da xəstəliyin artmasının qarşısını almaq üçün rayon Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri tərəfindən aprel ayının əvvəllərindən etibarən rayon ərazisində yerləşən 1300 hektardan çox taxıl əkini sahəsində pas xəstəliyinin yayılmasını müəyyən etmək üçün fitosanitar müşahidə aparılıb. Müşahidələr zamanı rayonun Xəsili, Qazaxlar, Divanlı, Niftçi, Çələbilər, Qayalı kəndlərinə, eləcə də “Elkiyar” kommersiya şirkətinə məxsus taxıl əkini sahələri daxil olmaqla 228 hektar sahədə sarı pas xəstəliyinin yayılması müəyyən edilib. Təsərrüfat subyektlərii hesabına 184 hektar sahədə Canizol (difenikonazol- 0.2 l/ha) və Tilt (0.5 l/ha) preparatlarından istifadə olunmaqla kimyəvi mübarizə tədbirləri aparılıb.
Şəki rayon Bitki Mühafizəsi Mərkəzinin mütəxəssislərinin iştirakı ilə sarı pas xəstəliyinə qarşı 4760 hektar taxıl sahəsində fitosanitar müşahidələr aparılıb. Baş Layısqı, Baş Göynük, Çeşməli, Küdürlü, Çayqaraqoyunlu, Şəki və Kiş kəndlərinə məxsus olan 4100 hektar taxıl sahəsində xəstəliklə sirayətlənmə aşkar edilib. Təsərrüfat subyektləri hesabına bu günə qədər 3550 hektar sahədə tilt (0.5 l/ha), alto-super (0.4 l/ha), probibat (0.5 l/ha), oblate (0.6-0.8 l/ha), reks-duo (0.5 l/ha), tiovit-djet (5-8 kq/ha) fungisidlərindən istifadə olunmaqla kimyəvi mübarizə tədbirləri aparılıb.
Yevlax rayon Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri tərəfindən rayonun 520 hektarlıq taxıl əkini sahələrində sarı pas xəstəliyinin yayılmasını müəyyən etmək məqsədi ilə fitosanitar müşahidələr aparılıb, Malbinəsi və Qaramanlı kəndlərinə məxsus 14 hektar taxıl əkini sahəsində sirayətlənmə aşkar edilib. Fermer təsərrüfat sahiblərinin hesabına 5 hektar sahədə xəstəliyə qarşı tilt (0,5L-1ha) preparatından istifadə olunmaqla, kimyəvi mübarizə aparılıb.
Qax rayon BMM-nin mütəxəssisləri tərəfindən Sarı pas xəstəliyinin sirayətlənmə arealını müəyyən etmək məqsədilə 5300 hektar taxıl əkini sahəsində fitosanitar müşahidə işləri həyata keçirilib və 2650 hektar sahədə xəstəliklə sirayətlənmə aşkar olunub. Sirayətlənmə əsasən rayonun Ağyazı, İlisu, Sarıbaş, Əlibəyli, Qum kənd inzibati ərazi dairəsinin taxıl sahələrində müşahidə olunub. Təsərrüfat subyektləri hesabına 1027 hektar sahədə tilt (0.5 l/ha), titan (0.5 l/ha), korsefir sc (1 l/ha), alto super (0.4 l/ha), oblate(0.6l/ha) fungisidlərindən istifadə edilməklə, kimyəvi mübarizə aparılıb.
Tərtər rayonunda da 420 hektar taxıl sahəsində sarı pas xəstəliyinin müəyyən edilməsi məqsədi ilə fitosanitar müşahidə aparılıb və 45 hektar sahədə zəif sirayətlənmə qeydə alınıb. 18 hektar buğda və arpa sahəsində fermerlərin hesabına ilt (0.5 l/ha) preparatından istifadə edilməklə kimyəvi mübarizə həyata keçirilib.
Qeyd edək ki, taxıl əkini sahələrində kimyəvi mübarizə tədbirləri zamanı fermer təsərrüfatı sahibləri və vətəndaşlar arasında pestisidlərdən istifadə zamanı təhlükəsizlik qaydalarına düzgün riayət olunması ilə bağlı təlimatlandırma və maarifləndirmə işləri də aparılır.
Hazırda adıçəkilən rayonlarda sarı pas xəstəliyinə qarşı fitosanitar müşahidə və kimyəvi mübarizə tədbirləri davam etdirilir.