Newscenter.az.23.04.2019. "Azərenerji” və ”Azərişıq” ASC-lər aprelin 26-dan 28-nə qədər Bakıda keçiriləcək növbəti "Formula 1" yarışları ilə əlaqədar fasiləsiz elektrik enerjisi təchizatını tam təmin edəcəklər.
Bu barədə "Report"a "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib.
Onun sözlərinə görə, bu məqsədlə təşkilatı və texniki tədbirlər görülərək hər iki ASC-nin Mərkəzi Aparatı və RETSİ-lər üzrə məsul vəzifəli şəxslərdən ibarət növbətçilik təşkil edilib, yarana biləcək qəza hallarının operativ aradan qaldırılması məqsədi ilə xüsusi briqadalar yaradılıb.
Yarışların keçiriləcəyi yerlərin fasiləsiz elektrik enerjisi ilə təchiz olunmasını, habelə baş verə biləcək hər hansı qəza hadisəsinin qarşısının alınması üçün zəruri tədbirlər görülüb.
Texniki direktorluqlara tabe olan xidmət sahələrində və avtonəqliyyat idarələrində növbətçilik təşkil edilərək, zəruri olan mal-materialların ehtiyatı yaradılıb. Baş vermiş qəzaların nəticələrinin aradan qaldırılması halları istisna olmaqla, yarışların keçirildiyi yerlərdə aparılması planlaşdırılan yenidənqurma və əsaslı təmir-tikinti işləri müvəqqəti olaraq dayandırılıb, elektrik şəbəkələrinin normal rejiminin təmin olunması məqsədilə RETSİ-lər üzrə təşkil edilmiş növbətçilik üzərində nəzarət gücləndirilib.