Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Dini radikalizmlə mübarizədə birgə fəaliyyətin təşkili və əhəmiyyəti” mövzusunda konfrans keçirilib

“Dini radikalizmlə mübarizədə birgə fəaliyyətin təşkili və əhəmiyyəti” mövzusunda konfrans keçirilib


Newscenter.az.30.04.2019. Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə aprelin 30-da “Dini radikalizmlə mübarizədə birgə fəaliyyətin təşkili və əhəmiyyəti” mövzusunda konfrans keçirilib.

Newscenter.az-a DQİDK-dən bildirilib ki, konfransı giriş sözü ilə açan Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı bildirib ki, Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlətdir və ölkəmizdə müxtəlif dünyagörüşünə məxsus insanlar yaşayır. Hər kəsin hüquq bərabərliyi, vicdan azadlığının təmin olunduğu ölkəmizdə yüksək tolerantlıq mühiti mövcuddur. Xalqımızın əsrlərin sınağından süzülüb gələn bu mütərəqqi keyfiyyəti dövlətimizin ardıcıl və məqədyönlü siyasəti ilə dəstəklənir və daha da inkişaf etdirilir.

Sədrin birinci müavini təəssüflə qeyd edib ki, hazırda dünyanı cənginə alan dini radikalizm təhlükəsi bizim ölkəmizə də ciddi təhdid yaradır. Fərqli dini dünyagörüşünə mənsub insanların sülh şəraitində birgə yaşadığı cəmiyyətlər üçün bu təhdid xüsusilə təhlükəli sayılır. Dini radikalizm həm ayrı-ayrı fərdləri, həm cəmiyyəti, həm də dövləti narahat edir. Bu baxımdan ona qarşı mübarizənin də formatı çox geniş olmalıdır.

S.Salahlı vurğulayıb ki, dini radikalizmə qarşı mübarizədə əsas dayanıqlı metod dini maarifləndirmədir. O, Dövlət Komitəsinin dini radikalizmə qarşı mübarizə istiqamətində ideoloji müstəvidə bir sıra müvafiq dövlət strukturları, qeyri-hökumət təşkilatları, media qurumları ilə yaxından əməkdaşlıq etdiyini diqqətə çatdırıb.

DQİDK sədrinin müavini Gündüz İsmayılov “Dini radikalizmlə mübarizədə birgə fəaliyyətin təşkili” adlı təqdimatla çıxış edib. Sədr müavini din sahəsində ideoloji, milli və ictimai təhlükəsizlik baxımından üzləşdiyimiz təhdidlərin geniş izahını verib. O, eyni zamanda təqdimatında dini kimliyimizin milli kimliyimizə qarşı qoyulması, məzhəbçiliyin, xarici təsirlərin, radikallığın gücləndirilməsi, eləcə də dinin siyasiləşdirilməsi, cəmiyyətdə dini qütbləşmənin və sosial təbəqələşmənin yaradılması istiqamətlərində məkrli qrupların zərərli fəaliyyətinə geniş yer ayırıb. Dini radikalizmə zəmin yaradan dini savadsızlıq, fanatizm, cahillik kimi problemlərin düzgün izahı üçün konkret nümunələr təqdim edib. Dini radikalizmə qarşı mübarizə istiqamətində kompleks tədbirlər barədə danışan sədr müavini iqtisadi, inzibati və ideoloji müstəvidə görülən işlərə toxunub.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin böyük məsləhətçisi Əliheydər Zülfüqarov dini radikalizmə qarşı mübarizədə yüksəkixtisaslı milli kadrların potensialından istifadənin önəmindən bəhs edib. Dini sahədə mənəvi dəyərləri əsas götürən, dinə məhdud çərçivədə deyil, geniş prizmada yanaşmağı bacaran, fəaliyyətində dünyəvilik, tolerantlıq və multikulturalizm kimi Azərbaycan gerçəkliklərini nəzərə alan yüksək dini və dünyəvi savada malik ixtisaslı kadrların hazırlanmasının zəruri olduğunu vurğulayıb. Prezident İlham Əliyevin Sərəncamı ilə yaradılan Azərbaycan İlahiyyat İnstitutunun hazırladığı kadrların ölkəmizdə yüksək dini-mənəvi mühitin qorunub saxlanılması və inkişaf etdirilməsində mühüm rol oynayacağına əmin olduğunu dilə gətirib. Ə.Zülfüqarov bu istiqamətdə teoloq hüquqşünasların, psixoloqların da yetişdirilməsinin xüsusi əhəmiyyət kəsb etdiyini deyib.

Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev dini radikalizmə və fanatizmə alternativ kimi ənənəvi İslam dəyərlərinin təbliğinin əhəmiyyətinə diqqət çəkib. Eyni zamanda din ilə terrorizmin, radikalizmin yanaşı çəkilməsinin çox acınacaqlı hal olduğunu bildirib.

Daha sonra çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Taliyə İbrahimova, Gənclər və İdman Nazirliyinin sektor müdiri Elşən Hüseynov, Təhsil Nazirliyinin nümayəndəsi Samir Həmidov və Gənclər Fondunun şöbə müdiri Ramil Məmmədov dini radikalizmə qarşı mübarizədə təmsil etdikləri qurumların həyata keçirdiyi tədbirlər barədə məlumat veriblər, bu bəlaya qarşı birgə mübarizənin zəruriliyini vurğulayıblar.

Konfrans öz işini müzakirələrlə yekunlaşdırıb.
Xəbəri paylaş