Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ölkə iqtisadiyyatının inkişafı üçün güvənilməli olan tək yol Prezidentin müəyyən etdiyi yoldur

Ölkə iqtisadiyyatının inkişafı üçün güvənilməli olan tək yol Prezidentin müəyyən etdiyi yoldur


Newscenter.az.30.04.2019.
Bu gün Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib. İlin birinci rübündə iqtisadiyyatımızın qarşısında qoyulan hədəflərə necə çatıldı? İqtisadiyyatın inkişaf templəri ilin sonuna qədər hədəflənmiş məqsədlərə yetişmək üçün kifayət edəcəkmi?

Bütün bu dediklərimizi cari ilin birinci rübünün yükunlarını əks etdirən rəsmi göstəricilərə nəzər salmaqla əsaslandırmaq mümkündür. Cari ili ötən ötən dövrü ərzində ölkə iqtisadiyyatı əvvəlki illərələ müqaisədə daha pozitiv nəticələr sərgiləyə bildi. Rəsmi statistika 4 ayın nəticələrinə dair göstəriciləri may ayının 10-dan sonra açıqlayacaq. Ona görə də biz də cari ilin ötən dövrünə yanvar-mart ayları üçün dərc edilmiş rəsmi statistik göstəricilər əsasında qiymət verəcəyik. Bu ilin 3 ayı ərzində ÜDM-n 3% artımına nail olunub. Nəzərə çatdıraq ki, keçən ilin eyni dövründə bu artım öncəki illə müqaisədə cəmisi 2,3% olmuşdu. Hesabat dövründə sənaye məhsulunun həcmi 4,4%, o cümlədən qeyri-neft sənayesi üzrə məhsul istehsalının həcmi 15,6% artıb. İqtisadiyyatın inkişafının əsas indikatoru olan əsalı kapitala yönəldilən vəsaitlərin həcmi ötən ildəki səviyyədən 5,3% artaraq 2018-ci ilin birinci rübündəki 84,7%-dən cari ilin birinci rübündə 91%-ə yüksəlmişdi. Bu zaman qeyri-neft sektorunda əsas kapitala yönəldilən vəsaitlərin həcmi ötən ilin eyni dövrü ilə müqaisədə 6,0% artmışdı. Bu göstərici özlüyündə ölkə iqtisadiyyatının əsasını təşkil edən real sektorun inkişafına bütün səviyyələrdən olan diqqətin nəticəsində mümkün ola bilmişdi. Üç ay ərzində kənd təsərrüfatında 3,6%, o cümlədən, bitkiçilik sahəsində 24,7% artıma nail olunmuşdu. Ötən illə müqaisədə Dövlət büdcəsinin gəlirləri 19,2%, xərcləri isə 14,2% artıq icra edilmişdi. Ölkənin bank sektoruna insanlarımızın inamını bərpa olunmasının bir bariz nümunəsi onların banklardakı əmanətlərinin vəziyyəti ilə xarakterizə olunur. Son 3 ayda vətəndaşlarımızın banklara yatırtdığı əmanətlərin həcmi ötən ilin birinci rübü ilə müqaisədə 6,0% arta bilib, kredit qoyluşlarının həcmi 12,2% artıb. Halbuki 2018-ci ildə ölkənin bank sektoru üzrə kredit qoyluşlarının həcmi 2017-ci illə müqaisədə 27,2% azalmışdı. Ötən 2 ay ərzində qeyri-neft sektorundan ixracın həcmi 16,5% arta bilib. Cari ilin birinci iki ayı ərzində əhalinin orta aylıq nominal əmək haqqı 8,6% artıb. Nəzərə çatdıraq ki, ilk üç ay ərzində infilyasiya cəmisi 2,1% təşkil edib.

Bu göstəricilərin pozitivliyi nə qədər diqqət çəkən olsa da ötən üç ayda qeyri neft sektorunda ÜDM artım sürətinin azalması, bu sektordan ixracın həcmindəki templərin aşağı düşməsi diqqətdən yayına bilməz. Məsələn, 2018-ci ilin birinci rübü ərzində ÜDM-un artım sürəti 2,3 %, qeyri-neft ÜDM-un artım sürəti 2,9% olduğu halda, cari ilin birinci rübündə ÜDM artım sürəti 3,0%, qeyri-neft ÜDM-un artım sürəti isə cəmisi 1,7% təşkil etmişdi. Bu ilin iki ayı ərzində qeyri-neft sektorundan ixracın həcmində də kifayət qədər azalmalar qeydə alınmışdı. Məsələn, 2018-ci ilin birinci iki ayı ərzində qeyri- neft ixracınin həcmi 2017-ci ilin ilk 2 ayı ilə müqaisədə 66 milyon dollar artmışdısa, 2019-cu ilin birinci 2 ayı ərzində bu sektordan ixracın həcmi 2018-ci ilin eyni dövrü ilə müqaisədə cəmisi 40 milyon dollar arta bilmişdi. Əgər bu sıraya cari ilin ilk iki ayı ərzində idxalın həcmində baş vermiş 50%-ə qədər artımı da əlavə etsək bu halda mövcud vəziyyətin bir o qədər ürəkaçan olmadığı aşkardır. Bu yerdə aidiyyatı icra qurumlarının ətalətdən çıxaraq vəziyyətlə bağlı ciddi araşdırma aparmasına və təxirəsalınmaz tədbirlər görməsinə ehtiyac var.

Prezident 2015-ci ilin sonlarında ölkədə post-neft dövrünün başlandığını bəyan etdikdən sonra qısa zaman kəsiyində ölkədə real sektorun sürətli inkişafını təmin edə biləcək bütün qərarlara imza atdı. Bundan sonra ötən dövr ərzində əldə olunan nəticələr qənaətbəxş deyilsə, deməli bu vəziyyəti yaradan icra aparatının fəaliyyətindəki qüsurlardır. Hesab edirəm ki, bunun üzərində ciddi düşünməyin vaxtı çatıb. Unutmayaq ki, neftin qiymətlərinə güvən getdikcə azalır. Əgər ABŞ prezidentinin bir telefon zəngi ilə bu qiymətlər kəskin azala bilirsə, deməli neftə güvənməyin heç yeri yoxdur. Cənab icraçılar bilməlidirlər ki, ölkə iqtisadiyyatının inkişafı üçün güvənilməli olan tək yol Prezidentin müəyyən etdiyi yoldur. Bu yolla qətiyyətlə hərəkət edib iqtisadiyyatın real sektorunun sürətli inkişafını təmin etmək lazımdır. Bunu etmək - idxalı əvəzləyəcək istehsalın və real sektordan ixracıın həcminin artması demək olacaq ki, bu da bizim təhlükəli neft qiymətlərindən asılılığımızı minimuma endirə bilən yeganə yoldur.

Fikrət Yusifov
sabiq maliyyə naziri, iqtisad elmləri doktoru, professor
Xəbəri paylaş