Newscenter.az.30.04.2019. Aqrar Elm və İnnovasiya Mərkəzi Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun Gəncə Üzümçülük və Şərabçılıq Təcrübə Stansiyasının əkin sahəsi 40 hektardan ibarətdir. Stansiyada 31 üzüm sortu və 9 hibrid sortu üzərində sort xüsusiyyətləri, torpaq-iqlim şəraitinə uyğunluğu öyrənilərək fermerlərə tövsiyə edilir.
Newscenter.az xəbər verir ki, həmçinin, calaq əkin materialı üçün calaqaltıların bölgələrə uyğun seçilməsi istiqamətində elmi-tədqiqat işləri aparılır. Stansiyada 40-dan artıq calaqaltı sortlar öyrənilib, onlardan altısı fermerlərə tövsiyə olunub. Eyni zamanda, stansiyada 9 yeni hibrid sortlarından dördü öz təsdiqini tapıb, iki sort isə dövlət sort sınağına təqdim edilib. Hazırda üç sort üzərində elmi-tədqiqat işləri davam etdirilir. Bu il stansiya əməkdaşları tərəfindən yeni tinglik sahəsi salınıb, tinglik 16 üzüm sortu və 6 calaqaltı sortdan ibarətdir.
Stansiyada davamlı olaraq bölgənin fermerləri üçün maarifləndirici təlimlər, sahə nümayişləri keçirilir. Mövsümün başlaması ilə əlaqədar olaraq Samux rayonundakı fermer təsərrüfatında “Üzüm bağlarında alaq otlarına qarşı innovativ mexaniki və kimyəvi mübarizə tədbirləri” mövzusunda sahə nümayişi keçirilib. Fermerlərə müasir İtaliya və Türkiyə istehsalı olan frez aqreqatı ilə alaq otlarına qarşı mexaniki mübarizə aparılması yolları nümayiş olunub. Həmçinin, Türkiyə istehsalı olan 2 tonluq ventilyatorlu bağ çiləyicisinə stansiyanın alimləri tərəfindən yeni konstruktiv dəyişikliklər edilmiş ixtira xarakterli yenilik fermerlərin diqqətinə çatdırılıb və iqtisadi səmərəsi izah edilib. Stansiyanın direktoru Mehman İsmayılov bildirib ki, bu yeniliyi tətbiq edərək tənəklərin dibindəki alaq otlarına qarşı kimyəvi mübarizə tədbirlərinin optimal vaxtda aparılması mümkündür.
Bölgə fermerlərinin nəzərinə çatdırılıb ki, alaq otları bitkidən iki dəfə daha çox torpaqdan mineral maddələri mənimsəyir, bu da torpağın münbitliyinin zəifləməsinə, xəstəlik və zərərvericilərin artmasına, bağlarda rütubətliliyin yüksəlməsinə səbəb olur. Nəticədə üzüm bağlarında oidium və mildium xəstəlikləri aktivləşir. Bu xəstəliklər üzümçülük üçün ən təhlükəli xəstəliklər olduğu üçün sonda məhsulun tamam sıradan çıxmasına və məhsuldarlığın azalmasına səbəb olur.
Orxan