Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Füzuli Məmmədovun başladığı işi başqa dövlətlərdə də tətbiq edə, daha da təkmilləşdirə bilərik


Newscenter.az.21.06.2019. İllərdir diaspor quruculuğu sahəsində aparılan işlər hələ də istədiyimiz effekti verməyib. Diaspor təşkilat sədrləri arasında qalmaqallar, parçalanmalar, ittihamlar daim milli maraqların qorunmasına ağır zərbələr vurub. Avropada bir çox diaspor təşkilatının hansısa əlamətdar və ya anım günlərində keçirdikləri aksiya və ya tədbirlərin isə heç bir çəkisi olmur. Çünki bu tədbirlərə yığışanlar elə özümüz oluruq, özümüz deyib, özümüz də eşidirik. Səsimizi Avropa mediasında ictimaiyyətə çatdıra bilmirik. Xatırladaq ki, hazırda xarici ölkələrdə 425-ə qədər Azərbaycan diaspor təşkilatı fəaliyyət göstərir. Amma Azərbaycan həqiqətlərini, ermənilərin işğalçılıq siyasətini istədiyimiz formada dünya ictimaiyyətinə həzm etdirə bilməmişik. Nöqsanlarımız, çatışmayan cəhətlərimiz çoxdur. Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi bir-birilə üzvü surətdə bağlı olan, qırılmaz vəhdət təşkil edən əsas məsələdir. Hər üç məfhumu bir-birindən ayrılıqda təsəvvür etmək mümkünsüzdür. Amma ayrıdırlar, hələ də lobbizmə keçid barədə düşünülmür, həmrəylik, birlik isə mümkünsüzdür.

Gürcüstan Azərbaycanlıları Konqresinin sədri, Gürcüstan Beynəlxalq Əlaqələr və Gürcüstan Biznes və Hüquq universitetlərinin Fəxri Doktoru, energetika nazirinin sabiq müavini Hüseyn Yusubovla bu mövzu ilə bağlı söhbətləşdik.

Avrasiya.net-in ilk sualı diaspor təşkilatlarının faəliyyəti ilə bağlı oldu.

- Diaspor təşkilatlarının fəaliyyəti şəxsən məni qane etmir. Çünki, dünyadakı diaspor təşkilatlarımızın palitrasına baxsaq görərik, onlar elə bil Azərbaycanı təmsil etmirlər, bir-birlərinə düşmən münasibətdədirlər, sanki məskunlaşdıqları ayrı-ayrı ölkələri təmsil edirlər. Nəyi bölüşdürə bilmədikləri də aydın deyi. Ondan başqa da bu təşkilatlar arasında nifaqın yaranmasında, parçalanmasında əsas səbəbkar Komitənin sabiq sədri Nazim İbrahimov olub. Onun yarıtmaz diaspor siyasəti nəticəsində bu gün o sahə iflicdir. Sağaltmaq üçün illər lazımdır.

- Hansı məsələlərdə biz öz fəaliyyətimizdə düşmənlərimizdən geridə qalırıq.


- Mən sualı bir az fərqli qoyardım: Hansı məsələlərdə düşmənlərimiz bizdən irəlidədir. Məhz diaspor quruculuğu və inkişafı məsələsində düşmənlərimiz bizdən irəlidədirlər. Biz diaspora ilə lobbizmi qarışdırırıq və heç birində də uğur əldə etməmişik. Düşmənlərimiz 120 ildir ki, bu sahədədirlər və fəaliyyətlərini tənzimləyə biliblər. Yunan, erməni və yəhudilərin diaspor quruculuğu sahəsindəki təcrübədən öyrənməliyik. Biz isə heç kimdən öyrənmək istəmirik, ayrı-ayrılıqda velisoped kəşf etmək istəyirik, amma bunu da edə bilmirik, bədbəxtçiliyimiz budur.

- Necə fikirləşirsiniz, diaspora quruculuğundan lobbiçiliyə keçmək vaxtı yetişibmi?


- 10 il öncə lobbiçiliyə kecməliyik. Bu məsələdə də gecikmişik. Hər bir ölkənin modelinə uyğun bu işi həyata keçirməliyik. İşimiz ABŞ-da bir cür, Avropada, postsovet məkanında başqa cür effekt verə bilər. Hər bir ölkənin öz modelinə uyğun lobbiçiliyi qura bilərik. Xarici ölkələrin əksəriyyəti bizim lobbizim siyasətini həyata keçirməyimiz vaxtı gözləyirlər. Lobbizim siyasətini həyata keçirməklə xalqımızın, dövlət və dövlətçiliyimizin maraqlarını qorumuş olarıq. Bilirsiz, diaspor işini o qədər də vəsait tələb olmadan qura bilərik. Bu fəaliyyət nəticəsində də müəyyən vəsait əldə edərik. Həmin vəsaiti lobbiçiliyin həyata keçirməsinə yönəldə bilərik. Lobbiçilik böyük vəsait tələb edir.

- Daha çox birlik və həmrəylikdən danışırıq, amma buna nail ola bilmirik, səbəblər?


- Düzdür, hamımız birlikdən, həmrəylikdən danışıqır, amma birləşə bilmirik. Birlik milli maraqların, dövlət və dövlətçiliyin qorunmasında lazımdır. İctimaiyyətdə tutduğu mövqeyindən, vəzifəsindən asılı olmayaraq xaricdə yaşayan hər bir azərbaycanlı ancaq və ancaq ümumi milli maraqlar naminə birlik nümayiş etdirməlidir, fikir, əqidə bir olmalıdır. Ancaq bəzi məsələlərdə bir olmalı deyilik. Çünki, hamının eyni fikirdə olmasına ehtiyac yoxdur. O qədər məsələlər var ki, onlarda müxtəlif fikirlərin olması vacibdir. Hər bir məsələyə öz fərdi baxışlarımız olmalıdır. Bu da demokratiyanın bir göstəricisidir. Amma nə qədər ki, diaspor fəaliyyətinə qazanc yeri kimi baxacağıq, o zaman heç bir nəticə əldə etməyəcəyik. Diaspor sahəsinə pul qazanmaq, kimisə aldatmaq yeri kimi yox, pul qoyub millətə, dövlətə, xalqa xidmət etmək yeri kimi baxmalıyıq.

- Ermənilərin imkanlı diaspor rəhbərləri, lobbiçiləri daim öz ölkələrinə maliyyə yardımları göstəririlər, hansısa layihələrdə iştirak edirlər...


- Təkcə ermənilər yox, diasporanı formalaşdıran yəhidi və yunanlar da bu işi şərəf məsələsi kimi qəbul ediblər. Onlar xalqlarına dəstək olmağı özlərinə şərəf bilirlər. Komitənin sabiq sədri Nazim İbrahimov kimilər isə 30 il dövlətin büdcəsini taladı, milyonlar xərcləndi, ortada da bir nəticə yoxdur. Amma gec deyil. Bundan sonra da bu işi qurmalıyıq, ideoloji iş aparmalıyıq. Ziyalılarımızı, medianı diaspor quruculuğu sahəsinə cəlb etməliyik. Ermənilər diaspor sahəsini əllərində böyük siyasi silah kimi saxlayırlar və bundan lazımi səviyyədə istifadə edirlər. Azərbaycan kimi inkişaf edən, demokratik bir dövlətin diasporası isə gücsüz və acizdir. Niyə? Çünki Diaspor Komitəsinin başında Nazim İbrahimov əyləşmişdi. O, bu sahəni bataqlığa saldı. Erməni iş adamları iqtisadi cəhətdən çökən Ermənistanda iqtisadi layihələrə vəsait ayırdılar. Nazim İbrahimov isə dövlətin vəsaitini xərclədi, mənimsədi.

- Bu aylarda xeyriyyəçi Dünya Azərbaycanlıları Mədəniyyəti Fondunun prezidenti Füzuli Məmmədov Rusiyada azərbaycanlıları birləşdirən bir ittifaq yaratdı. Onun xeyriyyəçiliyi, diaspora sahəsindəki təcrübəsindən Gürcüstanda istifadə edilərsə hansı müsbət nəticələr əldə etmək olar.


- Füzuli Məmmədovun bu sahədəki işləri ilə tam bilgim olmasa da, məlumatım da az deyil. Onun fəaliyyətini alqışlayıram. Füzuli Məmmədovun başladığı işi başqa dövlətlərdə də tətbiq edə, daha da təkmilləşdirə bilərik. Bu daha böyük uğurlarla, nəticələrlə gətirib cıxara bilər. Mən də onun təcrübəsindən yaxından tanış olmaq istərdim və Gürcüstanda tətbiq etmək olduqca vacibdir. Bilirsiz, hər bir ölkənin öz spesifik xüsusiyyətləri var və ona uyğun bu təcrübəni həyata keçirmək olar. Axı hər bir ölkədə yaşayan xalqların, vətəndaşların spesifik xüsusiyyətləri eyni deyil, eyni düşüncəyə malik deyillər. Fərqli cəhətlər çoxdur. Füzuli Məmmədovun diaspor quruculuğu sahəsində həmrəylik təcrübəsi ilə bağlı bir yerdə olmağımız vacibdir. İstərdim ki, Füzuli Məmmədov kimi millətinə, dövlətinə, xalqına sadiq olan şəxsiyyətlərlə birgə oturub bu məsələləri müzakirə edək. Fikirlərimizi bölüşək, bir-birimizin təcrübəsindən, imkan və nüfuzundan yararlanaq. Azərbaycan, azərbaycançlıq, millətimiz, dövlətimizin gələcəyi üçün Füzuli Məmmədov bu addımları atırsa, nədən biz ona yaxınlaşmayaq, ona dəstək, yanında olmayaq. Birgə ortaya bir iş qoyaq, nə zamansa dövlətin bizə dəstək duracağını gözləməyək. Elə illərdir gözlədiyimizin nəticəsidir ki, diaspor sahəsində belə bir acınacaqlı durum yaranıb.

- Deyəsən, Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətindən narazısız...


- Komitənin fəaliyyəti ilə bağlı müsbət fikirlərim yoxdur. Komitə Heydər Əliyevin diaspor sahəsi ilə bağlı ideyalarını, siyasətini həyata keçirmədi. Yarandığı gündən Komitə ancaq pul sildi, milyonlar ortadan qeyb oldu. Ən böyük bədbəxtçilik itirilən pul deyil. Mən Nazim İbahrimova deyirdim ki, diaspora bir vətənpərvərlikdir, onu bazara çevirəndə vətənpərvərlik hisləri ölür. Ancaq təəsüflər olsun ki, Nazim İbrahimov diaspor sahəsində quruculuq işləri aparmadı, oranı bazara çevirdi, vətənpərvərlik hissini dəfn etdi.
Xəbəri paylaş