Newscenter.az.31.07.2019. Əsası böyük ziyalı Həsən bəy Zərdabi tərəfindən qoyulan milli mətbuatımız mürəkkəb təkamül yolu keçərək indiki inkişaf səviyyəsinə çatıb. Azərbaycan mətbuatı fəaliyyəti dövründə hər zaman ölkədə gedən mühüm ictimai-siyasi, iqtisadi və mədəni proseslərlə sıx şəkildə bağlı olub.
Ötən əsrin sonlarında dövlət müstəqilliyinin bərpasından sonra, həyatın bir çox səhələrində, eləcə də mətbuatın inkişafında dönüş yarandı. Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə respublikada plüralizm və söz azadlığını təmin etmək üçün mühüm tədbirlər həyata keçirildi. Azərbaycan mətbuatının sürətli tərəqqisi ölkəmizdə dünya standartlarına cavab verən müstəqil kütləvi informasiya vasitələrinin yaranmasını şərtləndirdi. Hüquqi, demokratik dövlət və vətəndaş cəmiyyəti qurmaq istiqamətində irəliləyən respublikamızda 4500-ə yaxın qəzet, jurnal, informasiya agentliyi və teleradio şirkətləri qeydiyyata alındı. Bununla bərabər, söz və mətbuat azadlığının qanunvericilik bazası möhkəmləndirildi, bu sahədə demokratikləşdirmə diqqət mərkəzində saxlanıldı, mətbuat üzərindən dövlət nəzarəti rəsmi şəkildə aradan qaldırıldı.
Yeri gəlmişkən, burada bir mühüm məqamı da xatırlatmaq istərdim. Bu dövrdə Azərbaycanda söz, fikir və mətbuat azadlığının bərqərar olunması üçün idarəçilik sisteminin təkmilləşdirilməsi önə çəkildi. Mətbuat və İnformasiya Nazirliyi ləğv edildi, kütləvi informasiya vasitələrinin yaranması və fəaliyyətinin hüquqi əsaslarının möhkəmləndirilməsi məqsədilə Mətbuat və Teleradio şuraları yaradıldı. Bir sıra qəzetlərin “Azərbaycan” nəşriyyatına olan borcları donduruldu, sonradan isə ləğv edildi.
Onu da deyim ki, dahi öndərin mətbuata yüksək diqqət və qayğısı jurnalistlər tərəfindən də yüksək dəyərləndirildi. Ümummilli lider 2002-ci il martın 22-də “RUH” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi tərəfindən “Jurnalistlərin dostu” mükafatına layiq görüldü.
Prezident İlham Əliyev respublikaya rəhbərlik etdiyi son 16 il ərzində isə ölkəmizdə KİV-in sərbəst fəaliyyətinə, jurnalistlərin öz iradələrini azad şəkildə ifadə etmələrinə xüsusi diqqət yetirib. Möhtərəm dövlət başçımız milli mətbuatın qabaqcıl dövlətlərin mütərəqqi ənənələrinə əsaslanılmaqla, xalqın tarixi-milli xüsusiyyətlərini qorumaqla inkişaf etməsinə həssaslıqla yanaşıb, eyni zamanda, jurnalistlər üçün lazımi sosial şəraitin yaradılması, mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə mühüm addımlar atıb. Müxtəlif vaxtlarda mətbuat işçilərinə fəxri adların verilməsi, peşəkar mətbuat işçilərinin Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülməsi, KİV-ə maliyyə yardımı göstərilməsi ilə bağlı müvafiq sərəncamlar imzalayıb.
Dövlət başçısının hərtərəfli qayğısı nəticəsində Azərbaycanda kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası əsasında mühüm layihələr gerçəkləşdirilir. Bu gün Azərbaycanda bütün azadlıqlar, o cümlədən, mətbuat, söz və fikir azadlıqları tam təmin edilir. Respublikada genişzolaqlı internet sərbəst şəkildə fəaliyyət göstərir. Ölkəmizdə KİV nümayəndələrinin rahat və təhlükəsiz fəaliyyət göstərmələri üçün bütün şərait var. Son illərdə isə jurnalistlərin sosial məsələlərinin həlli istiqamətində mühüm layihələr uğurla reallaşdırılır, dövlət tərəfindən pulsuz olaraq yaşayış binaları inşa olunur və onlara verilir. Bu isə bir daha göstərir ki, ölkəmizdə KİV nümayəndələrinin yüksək səviyyədə fəaliyyət göstərmələri, azad mətbuatın təmin edilməsi ilə yanaşı, dövlətimiz jurnalistlərin mənzil-məişət məsələlərinin həlli, onların yaşayış şəraitinin yaxşılaşdırılmasına da xüsusi diqqətlə yanaşır. Ən əsası isə odur ki, bu tədbirlər ardıcıl xarakter daşıyır.
Azər VERDİYEV,
Qlobal Araşdırmalar Liqası İctimai Birliyinin sədri, politoloq