Newscenter.az.31.07.2019. Mərkəzi İcra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin iyul ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə heyətinin sədri Saleh Məmmədov 31 iyul 2019-cu il tarixində Quba rayonunda vətəndaşları qəbul edib.
Newscenter.az-a Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, qəbuldan əvvəl AAYDA-nin İdarə heyətinin sədri Saleh Məmmədov və Quba RİH-nin başçısı Ziyədin Əliyev ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, abidə önünə gül dəstələri düzərək Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər. Daha sonra Quba rayon Heydər Əliyev mərkəzində keçirilən qəbulda Quba və Xaçmaz rayonlarından olan 40-a yaxın vətəndaşın müraciət və şikayətlərinə baxılıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini Əvəz Qocayev isə Qusar rayonunda vətəndaşları qəbul edib. Qəbuldan öncə İdarə Heyəti sədrinin müavini Əvəz Qocayev və Qusar RİH-nin başçısı Şair Alxasov ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.
Qusar rayon Heydər Əliyev Mərkəzində keçirilən qəbul zamanı Qusar rayonundan olan 10-dan artıq vətəndaşın müraciətinə baxılıb.
Hər iki qəbul zamanı müraciətlər əsasən kəndlərarası avtomobil yollarının təmir-bərpası və yenidən qurulması, işə qəbul və digər məsələlərlə bağlı olub.
Qəbulda hər bir vətəndaşın müraciəti dinlənilərək şikayətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verilib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülüb.
Sakinlər bölgələrdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını dilə gətirərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Anar