Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Yay məktəbi”nin birinci mərhələsinə yekun vurulub



Newscenter.az. 31.07.2019. İyulun 30-da Bakı şəhərində “Məktəblinin dostu” layihəsi çərçivəsində reallaşdırılan “Yay məktəbi”nin I mərhələsinin bağlanış mərasimi keçirilib.

Newscenter.az xəbər verir ki, “Yay məktəbi”nin I mərhələsinə şagirdlər arasında keçirilən Spartakiadanın final mərhələsi ilə yekun vurulub.

Spartakiadanın final mərhələsinə Bakı şəhəri üzrə “Yay məktəbi”nin I mərhələsinin əhatə etdiyi 32 ümumi təhsil müəsssisəsinin V-VI sinif şagirdlərindən ibarət 95, 3, 102, 200, 284, 286, 317 nömrəli məktəblərin komandaları qatılıb.

Məktəblilər qaçış, maneəli qaçış, səbətə top atma, kəndir dartma, kisədə tullanma və digər kateqoriyalar üzrə yarışıblar.

Bakı şəhəri 20 nömrəli məktəb-liseydə keçirilən tədbirdə çıxış edən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini İlhamə Abdullayeva iştirakçıları təbrik edib, onlara uğurlar arzulayıb. BŞTİ-nin müdir müavini layihənin şagirdlərin istedad və bacarıqlarının üzə çıxarılmasında, onlara sağlam həyat tərzinin aşılanmasında əhəmiyyətli rol oynadığını vurğulayıb.

Sonra çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnsan Resursları və Təlim şöbəsinin müdir müavini, "ASAN könüllülük" məktəbinin rəhbəri Cahangir Hacıyev “Məktəblinin dostu” layihəsinin önəmindən danışıb, “Yay məktəbi”nin şagirdlərin asudə vaxtlarını daha da səmərəli keçirmələri baxımından müstəsna əhəmiyyət daşıdığını bildirib.

Yarışların nəticəsinə əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 286 nömrəli tam orta məktəbin komandası I, 95 nömrəli tam orta məktəbin komandası II, 317 nömrəli tam orta məktəbin komandası isə III yerləri tutublar. Qalib komandalara hədiyyələr, diplomlar və kubok təqdim olunub.

Qeyd edək ki, “Məktəblinin dostu” layihəsinin əhatə etdiyi ümumi təhsil müəssisələrində reallaşdırılmış “Yay məktəbi”ndə iyulda V-VI, avqustda VII-VIII sinif şagirdlərinin iştirakı nəzərdə tutulur. Bu müddətdə 2000-dən çox məktəbli üçün təlim, seminar, informativ sessiya, ekskursiya, idman yarışları və əyləncəli saatlar təşkil edilir.

“Yay məktəbi”nin təşkil olunmasının əsas məqsədi yay istirahəti dövründə uşaqlara keyfiyyətli təhsil imkanları yaratmaq, əyləncəli proqramlar təşkil etməklə intellektual və sosial aktiv gənclərin-gələcəyin liderlərinin formalaşdırılmasıdır.

Xatırladaq ki, “Məktəblinin dostu” layihəsi Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə tərəfdaşlığı ilə Bakı şəhərindəki 35 ümumi təhsil müəssisəsində həyata keçirilir. Layihənin əsas məqsədi müəllim və şagirdlər üçün daha təhlükəsiz mühit yaratmaq, fövqəladə hal baş verdikdə ilk tibbi və psixoloji yardım göstərmək, mütəmadi olaraq şagird, valideyn, təlim-tərbiyə müəssisələrinin kollektivi ilə maarifləndirmə və diaqnostik işlər aparmaqdır.
R.Mehdiyeva
Xəbəri paylaş