Newscenter.az.2.10.2019. Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bakı şəhərinin Yasamal rayonu ərazisində Şəfayət Mehdiyev küçəsinin Hüseyn Cavid parkına çıxışını təmin etmək məqsədilə uzunluğu 800 m olan və Əbdürrəhim bəy Haqverdiyev küçəsindən Landau küçəsinə qədər uzanan hissəsində yenidənqurma işləri davam edir.
Newscenter.az-a Agentlikdən daxil olan məlumata görə, Şəfayət Mehdiyev küçəsinin sözügedən hissəsinin əvvəllər çox ensiz olması avtonəqliyyat vasitələrinin hərəkətində çətinliklərə səbəb olurdu. Bu üzdən Tbilisi prospekti və Hüseyn Cavid parkı istiqamətindən gələn avtonəqliyyat vasitələri məcburən Hüseyn Cavid prospektinə daxil olurdular. Bu isə xüsusən günün pik saatlarında həmin prospektin metronun Elmlər Akademiyası stansiyası qarşısından keçən hissəsində sıxlığa və tıxaca səbəb olurdu.
Layihəyə uyğun olaraq vətəndaşların yolun kənarı ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək üçün 2-4 metr enində yeni piyada səkiləri inşa edilir, kənarlarına isə səki daşları düzülür.
Layihənin sonuncu mərhələsində avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi məqsədi ilə, zəruri yerlərdə yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq, yolcızgi və yolgöstərici xətlər, həmçinin piyada zolaqları çəkilməklə sözügedən ərazidə yeni və müasir yol infratsrukturu yaradılmış olacaq.
Bütün işlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında aparılır. “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən və yüksək keyfiyyətlə aparılan işlərin tərtib olunmuş qrafikə uyğun yaxın müddət ərzində yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib. Yenidənqurma işləri bitəndən sonra istər Tbilisi prospekti, istərsə də Hüseyn Cavid parkı tərəfdən hərəkətdə olan avtonəqliyyat vasitələri Hüseyn Cavid prospektinə daxil olmadan Şəfayət Mehdiyev küçəsinin Əbdürrəhim bəy Haqverdiyev və Landau küçələri arasında yerləşən hissəsindən istifadə etməklə rahat və maneəsiz şəkildə hərkətlərinə davam edə biləcəklər. Bu isə öz növbəsində Hüseyn Cavid prospektinin metronun Elmlər Akademiyası stansiyası qarşısından keçən hissəsində sıxlığın azalmasına səbəb olacaq.
Anar