Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Cocuq Mərcanlı kəndinin sakinlərinə mineral gübrələr və sertifikatlı toxum məhsulları paylanılıb



Newscenter.az.25.10.2019. Oktyabrın 24-də “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti və “Moran Aqro” Məhdud Məsuliyyətli Cəmiyyətinin birgə təşəbbüsü ilə Kütləvi İnformasiya Vasitələri nümayəndələri üçün Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə media-tur təşkil olunub. Media-turu təşkil etməkdə məqsəd, əkinçiliklə məşğul kənd sakinlərinə mineral gübrələrin və sertifikalı toxum məhsullarının pulsuz paylanılmasını yaxından izləməkdir.

Newscenter.az-a Kənd Təsərrüfatı Nazirliyindən bildirilib ki, media nümayəndələrinin iştirakı ilə baş tutan görüş çərçivəsində kənd sakinlərinə 13,6 ton mineral gübrə və 10 ton sertifikatlı toxum paylanılıb.

Mineral gübrələr və toxum məhsulları kənd sakinlərinə paylanıldıqdan sonra mətbuat nümayəndələri yerli fermerlər tərəfindən yetişdirilən pambıq sahələrinə baxış keçiriblər. Baxış zaman jurnalistlərin pambıqçılıq sahəsində fəaliyyət göstərən qabaqcıl fermerlərlə görüşü keçirilib və fermerlər onların pambıqçılıqla bağlı çoxsaylı suallarını cavablandırıblar.

Görüşdən sonra jurnalistlər qəsəbə ərazisində gəzintidə olmuş, sakinlərin yaşam tərzi ilə tanış olublar. Mineral gübrələrin və sertifikalı toxumun pulsuz paylanılması və media nümayəndələri ilə baş tutan görüş qəsəbə sakinləri tərəfindən razılıqla qarşılanıb.

Qeyd edək ki, sentyabr ayının 10-dan etibarən “Aqrolizinq” ASC tərəfindən rayon mərkəzindən uzaq məsafədə yerləşən kəndlərdə mövsümi mineral gübrələrin güzəştli şərtlərlə səyyar satışına başlanılıb. “Aqrolizinq” ASC və “Moran Aqro” MMC-nin birgə təşəbbüsü ilə baş tutan görüşün bir məqsədi də Cocuq Mərcanlı kənd sakinlərinin də səyyar satışdan yararlanmalarını təmin etməkdir.

Orxan
Xəbəri paylaş