Newscenter.az.6.04.2020. Masazır-Novxanı avtomobil yolunun 2.5 km-lik hissəsinin yenidən qurulması işlərinə start verilib. Newscenter.az-a Avtomobil Yolları Dövlət Agentliyindən daxil olan məlumata görə, təmir-bərpa işləri çərçivəsində qəsəbələrarası yolun köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb.
İlk dəfə olaraq bu yolda yol əsasının yararsız qruntu qazılıb çıxarılaraq daşınması və yararlı qrunt gətirilərək əks dolğu işləri görülmədən bərkidilir. Bunun üçün qruntdan nümunə götürülür, labaratoriyada analiz edilərək tərkibi, rütubətliyi, sıxlığı və yükgötürmə qabiliyyəti örənilir. Bundan sonra tərkibinə uyğun olaraq xüsusi qatqı müəyyənləşdirilir. Daha sonra ərazidə xüsusi mexanizmlər vasitəsi ilə əldə edilən qatqı yol əsasına səpilir və qarışdırılır. Məhz həmin ərazi üçün hazırlanmış xüsusi qrunt texnikalar vasitəsi ilə yayılıb kipləşdirilir.
Yol əsasının bu cür bərkidilərək yükgötürmə qabiliyyətinin artırılması əraziyə əlavə texnikaların və qüvvənin cəlb edilməməsi ilə qənaətə, həmçinin əlavə vaxt itkisinin qarşısını almaqla faydalı iş əmsalının artırılmasına gətirib çıxaracaq. Masazır-Novxanı yolunda bərpa işlərinin aparıldığı ərazidə yol əsasının yeni üsulla işlənilməsi prosesinin yaxın günlərdə yekunlaşdırılması və ardınca asfaltlanma işlərinə başlanılması nəzərdə tutulur.
Layihənin sonuncu mərhələsində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə zəruri olan yerlərdə yeni yol nişanları quraşdırılacaq, yola üfiqi nişanlanma xətləri çəkiləcək.
Anar