Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Onlayn videotəqdimat müsabiqəsinə start verilib



Newscenter.az.19.05.2020. Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən onlayn videotəqdimat müsabiqəsinə start verilib.

Newscenter.az xəbər verir ki, 28 may - Respublika Gününə həsr edilmiş müsabiqə BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərinin VII-XI sinif şagirdləri arasında keçirilir.

Müsabiqənin keçirilməsində əsas məqsəd şagirdlərdə vətənpərvərlik ruhunu yüksəltmək, gənc nəslin tariximiz haqqında biliklərini möhkəmləndirmək, şagirdləri baş verən ictimai-siyasi prosesləri daha dərindən öyrənməyə həvəsləndirmək, onların ədəbi-bədii təfəkkürünün düzgün istiqamətdə formalaşmasına və özünüifadə qabiliyyətlərinin inkişaf etdirilməsinə təkan vermək, habelə xüsusi istedada malik uşaqları üzə çıxarmaqdan ibarətdir.

Müsabiqə iştirakçıları “Müstəqillik tariximizin şanlı səhifəsi” başlığı altında təqdimatla çıxış edəcək. Çıxışlar 25 may 2020-ci il tarixinədək video formatında BŞTİ-nin [email protected] elektron poçt ünvanına göndərilməlidir. Video göndərilərkən iştirakçının adı, soyadı və atasının adı, əlaqə nömrəsi, rayon və oxuduğu təhsil müəssisəsi və уa məşğul olduğu məktəbdənkənar təhsil müəssisəsinin adının qeyd olunması mütləqdir.

Hər iştirakçı müsabiqəyə yalnız 1 videotəqdimatla qatıla bilər.

Videotəqdimat 5 dəqiqədən artıq olmamalıdır.

Videotəqdimatlar Münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Qiymətləndirilmə zamanı sərbəstlik, söz ehtiyatının zənginliyi, dolğun və əhatəli məzmun, irəli sürülən fikirlərin faktlarla əsaslandırılması əsas meyarlar kimi götürüləcək.

Müsabiqənin yekununda ümumilikdə 6 iştirakçı (1 nəfər – I yer, 2 nəfər- II yer, 3 nəfər - III yer) qalib seçiləcək.

Qaliblərə BŞTİ tərəfindən diplom və hədiyyələr təqdim olunacaq. 5 nəfər isə fəal iştirakına görə Tərifnamə ilə təltif olunacaq.

R.Mehdiyeva
Xəbəri paylaş