Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İspaniya Azərbaucanlılari Birliyi etiraz bəyanatı yaydı



Newscenter.az.22.05.2020. Azərbaycanın işğal edilmiş torpaqlarında yaradılan qondarma quruma, dünyada pandemiya tüğyan etdiyi bir vaxtda, “prezident seçkiləri”nin keçirilməsi və daha sonra mayın 21-də Şuşada andiçmə mərasiminin keçirilməsi beynəlxalq hüquqa, bölgədə sülhə və sabitliyə qarşı təhdid, Azərbaycana qarşı təxribatdır. Newscenter.az xəbər verir ki, bu fikirlər İspaniya Azərbaycanlıları Birliyinin bəyanatında yer alıb. Bəyanatda daha sonra qeyd edilib:

“Qarabağ Azərbaycandır! Artıq bir sıra dövlətlər və beynəlxalq təşkilatlar bu “seçki” şousunu pisləyərək, Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini, qondarma Dağlıq Qarabağ Respublikasını və buradakı “seçkiləri” tanımadığını bəyan edib. Dünyanın bir çox dövlətləri, o cümlədən Avropa İttifaqı, ATƏT, NATO, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Türk Şurası, GUAM, Avropa Parlamenti, TÜRKPA kimi beynəlxalq təşkilatlar, nüfuzlu KİV-lər, eləcə də görkəmli şəxsiyyətlər bu “seçkiləri” məqsədli təxribat, Qafqazda sülhə, sabitliyə yönəldilən məsuliyyətsiz siyasi addım, münaqişənin sülh yolu ilə nizamlanmasına qarşı ciddi əngəl, beynəlxalq hüquq normalarına təhdid kimi dəyərləndirərərk, bu qondarma “seçkilərin” və onların nəticələrinin qanunsuz olduğunu bəyan etdilər. Yalnız Ermənistan rəhbərliyi, qondarma rejimlər və erməni lobbisi tərəfindən dəstək görən, heç bir beynəlxalq təşkilat və ölkə tərəfindən tanınmayan işğalçı rejim və onun burada təşkil etdiyi qondarma “seçkiləri” beynəlxalq hüquqa ziddir”.

Təşkilat qeyd edir ki, eyni zamanda, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə dair aparılan danışıqlara böyük zərbə olan bu addım, qarşı tərəfin əsil niyyətini üzə çıxararaq məsələnin həllində maraqlı olmadığını bir daha göstərmiş olur: “Qanunsuz parlament tərəfindən saxta seçkilərin keçirilməsi Ermənistanın sülh danışıqlarında beynəlxalq ictimaiyyəti aldatmağa cəhd göstərdiyini sübut edir. Bu səbəbdən dünya dövlətləri, eləcə də beynəlxalq təşkilatlar Ermənistana qarşı daha ciddi təzyiq və sanksiyalar tətbiq etməklə onu beynəlxalq hüquq normalarına hörmətlə yanaşmağa məcbur etməlidir.

Azərbaycanın beynəlxalq ictimaiyyət tərəfindən tanınmış ərazilərində saxta prezident seçkisinin keçirilməsi və andiçmə mərasiminin təşkili yolverilməzdir. Biz Avropada (ABŞ-da, Kanadada, İsraildə) yaşayan azərbaycanlılar bunu işğal olunmuş Azərbaycan torpaqlarında, başda Xocalı faciəsi olmaqla dinc insanların qatili olan separatçı rejimin və işğalçı Ermənistanın cinayətkar fəaliyyətlərinin davamı kimi qiymətləndirərək, bu təxribatçı, eləcə də cinayətkar əməlləri kəskin şəkildə pisləyirik”.
Xəbəri paylaş