Newscenter.az.2.08.2020. Milli Məclisin deputatı Azər Badamovun İlhamla Mehribanla Azərbaycan Naminə-İMAN səhifəsində postpandemiya dövründə Azərbaycan iqtisadiyyatı ilə bağlı məqaləsi dərc edilib.
Newscenter.az həmin yazını təqdim edir:
Qlobal pandemiya və dünya bazarlarında neft qiymətlərinin kəskin ucuzlaşması dünya ölkələrinin , o cümlədən neft istehsalçı ölkələrin gəlirlərini azaltmışdır. Ümumilikdə götürüldükdə neftin qiymətinin aşağı enməsi və pandemiyaya görə müəyyən tədbirlərin həyata keçirilməsi dünya iqtisadiyyatında növbəti böhranı dərinləşdirməkdədir. Azərbaycan dünyanın bir parçası olduğundan pandemiyanın dünya iqtisadiyyatına etdiyi mənfi təsirləri ölkəmizin iqtisadiyyatında da öz əksini tapmışdır. Biz 2020-ci ilə yaxşı notlarla başlamışdıq və nəzərdə tutulmuş proqnozlar çox müsbət idi. Əgər biz 2020-ci ildə ölkə iqtisadiyyatının 3% artacağını proqnozlaşdırmışdıqsa, artıq cari ilin 6 ayında ÜDM 2,7% azalmışdır. Martın 24-dən tətbiq olunmağa başlanmış karantin tədbirləri iqtisadiyyatın bir çox sahələrinin fəaliyyətində qadağaların və məhdudiyyətlərin tətbiq olunmasına gətirib çıxartmışdır. Məsələn , turizm sektorunun fəaliyyəti ilin birinci yarısında tamamilə iflic halına düşmüşdür. Ölkədə iqtisadiyyatın bir çox sahələrinə tətbiq edilmiş məhdudiyyətlər kütləvi işsizlik məsələsini gündəmə gətirmişdir.
Kütləvi işsizlik məsləsi dünyada qloballaşmaqdadır. Amma, bütün bunların baş verməməsi üçün Cənab Prezident İlham Əliyevin müvafiq sərancamıyla nazirlər kabinetinin yanında pandemiyanın ölkə iqtisadiyyatına təsirlərinin minimuma endirilməsi üçün dövlət dəstəyi tədbirlərinin həyata keçirilməsi üçün işçi qruplar yaradıldı. Müvafiq işçi qruplar pandemiyanın ən çox mənfi təsir göstərdiyi sahələri müəyyənləşdirdi və əsasən üç istiqamət üzrə dövlət dəstəyi tədbirlərinin həyata keçirilməsi nəzərdə tutuldu. Bu istiqamətlər iqtisadi artıma və sahibkarlığa dövlət dəstəyi, məşğulluğa və sosial rifaha dövlət dəstəyi, makroiqtisadi və maliyə sabitliyinə dövlət dəstəyi proqramlarını özündə ehtiva etdi. Bu proqramların icrasına 3,5 milyard manat vəsait ayrıldı və burada məqsəd pandemiyanın ölkə iqtisadiyyatına təsirlərini minimuma endirmək, ölkədə iqtisadi fəallığını, iş yerlərini və maliyyə sabitliyini qorumaq daşıyırdı. Bu ilin altı ayın sosial iqtisadi göstəricilərinə diqqət yetirəndə görürük ki, pandemiya dünya iqtisadiyyatında böyük fəsadlar yaratmasına baxmayaraq ölkəmizin iqtisadiyyatına təsirləri minimum səviyyədədir. Valyuta ehtiyatlarımızda azalma baş verməmiş, qeyri-neft sənayemiz 11,2%, kənd təsərrüfatımız 2,2% artmışdır. Dövlət büdcəsinin gəlirləri proqnozdan 2,9%, xərcləri 0,9% çox olmaqla saldoda 292 milyon manat profisit yaranmışdır.
Ölkədə infilyasiya 2.6% səviyyəsində qalmaqdadır. Gəlirlərimizin azalmasına baxmayaraq dövlət vəsaiti hesabına ilin əvvəlində nəzərdə tutulmayan böyük maliyyə tutumlu dövlət dəstəyi tədbirləri həyata keçirilir, nəzərdə tutulan sosial infrastruktur layihələri tam icra olunur, ölkədə iqitisadi fəallıq bərpa olunur. Qlobal pandemiyanın nə vaxt bitəcəyi heç kimə məlum deyil. Təbii ki, pandemiya şəraitinin davamı dövlət büdcəmizi əlavə xərclərlə qarşılaşdırır. Amma ölkədə həyata keçirilən islahatlar iqtisadiyyatın şəffaflaşmasını sürətləndirir və nəzərdə tutulandan əlavə gəlirlərin dövlət büdcəsinə gəlməsini şərtləndirir. Azərbaycan iqtisadiyyatı postpandemiya dövrü üçün də hazırdır. Dövlə dəstəyi proqramlarının iqtisadiyyatı əhatə etməsi pandemiyanın təsirlərini minimumlaşdırmağımıza imakan verəcək və Azərbaycan pandemiyadan az itkilərlə çıxan ölkələrin sırasında yer alacaqdır.