Newscenter.az.25.08.2020. Bu gün bizi şərəf və ləyaqətini guya ləkələdiyimiz və alçaltdığımız üçün xüsusi ittiham qaydasında cinayət məsuliyyətinə cəlb etməklə hədələyən Ramiz Mehdiyev tam 20 il bundan əvvəl elə bu günlərdə şəxsən göstəriş verərək qondarma ittihamla mənim və daha 3 əqidə yoldaşımın barəsində cinayət işi açdırmış və həbsə atılmağımıza nail olmuşdu.
Newscenter.az xəbər verir ki, bu fikirləri Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə səsləndirib. Partiya sədri deyib ki, o zaman parlamentdə olan bir qrup millət vəkili hüquqlarımızı müdafiə komitəsi yaratmışdı:
"Komitəyə Gülnarə Qurbanova (mərhum Şıxali Qurbanovun qızı) rəhbərlik edirdi. Haqsız həbs olunmağımızla bağlı məsələ həmçinin Avropa məkanına da çıxarılmışdı. Nəhayətdə qondarma cinayət işi cərimə olunmağımızla yekunlaşdı. İndi ay Ramiz Mehdiyev, qılıncının dalı və qabağı kəsdiyi bir vaxtda istəyinə nail ola bilmədiyin halda bu gün hədələyib nə edəcəksən? Bir əqidəyə xidmət etdiyini deyirsən, hər kəs sənin hansı əqidəyə xidmət etdiyini yaxşı bilir axı. Sən haralara xidmət eləsən də heç vaxt bu dövlətə xidmət etməmisən! Yaxşı olar ki, ayıbına kor ol və sus!".
Mehman