Newscenter.az.25.08.2020. Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi koronavirus (COVID-19) pandemiyasının ölkəmizin ərazisində geniş yayılmasının qarşısının alınması üçün müəyyənləşdirilmiş mühüm və təxirəsalınmaz tədbirlərin icrasını təmin edir. Komitə öz işini dövlətimizin başçısının bu məsələyə dair qərar və tapşrıqlarına, Nazirlər Kabinetinin yanında Operativ Qərargahın tələb və göstərişlərinə, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə uyğun qurur.
Newscenter.az-a qurumdan bildirilib ki, Komitənin sədrinin “Koronavirus (COVİD-19) zəminində yaranan xüsusi karantin rejimində Dövlət Komitəsinin fəaliyyətinin tənzimlənməsinə dair” müvafiq əmrinə əsasən, iş yerləri gigiyenik vasitələrlə, xəstəliyin ilkin əlamətlərini təyin edən texniki avadanlıqlarla təchiz edilib, komitənin balansındakı binalarda müntəzəm şəkildə müvafiq dezinfeksiya tədbirləri həyata keçirilir.
Məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları və komitənin balansında olan bütün yaşayış məhəllələrində və qəsəbələrdə kütləvi tədbirlər keçirilməsi müvəqqəti dayandırılıb, xəstəliyin yayılması riskinin qarşısının alınması üçün profilaktika, məlumatlandırma və maarifləndirmə işləri aparılır, koronavirus zəminində yaranan fövqəladə şəraitdə yalnız dövlət tərəfindən keçirilən tədbirlərin deyil, hər bir vətəndaşın, bütün cəmiyyətin sosial məsuliyyətdən irəli gələn addımlarının, görülən işlərə dəstəyinin vacibliyi bildirilir.
Komitənin yerli bölmələri sıx müvəqqəti məskunlaşma yerlərində məcburi köçkünlərlə müvafiq izahat işləri aparırlar. Mövcud şəraitlə əlaqədar olaraq, komitədə vətəndaşların fiziki qəbulu, müvəqqəti olaraq, dayandırılıb, bütün müraciətlər müasir rabitə-kommunikasiya vasitələrindən istifadə etməklə onlayn şəkildə qəbul edilir. Dövlət Komitəsinin rəhbər şəxsləri tərəfindən müntəzəm videoqəbullar təşkil olunur.
Karantin rejiminin tətbiqindən sonrakı müddət ərzindən Dövlət Komitəsinin sədri hər həftənin çərşənbə axşamı videoqəbul keçirərək əvvəlcədən növbəlilik əsasında qəbula yazılmış vətəndaşların müraciətlərini dinləyir, suallarını cavablandırır. Bu günə kimi komitə sədri hər həftənin çərşənbə axşamı videoqəbullar keçirib, əksəriyyəti məcburi köçkün olan vətəndaşlar görüntülü söhbət edib, onların müraciətlərini dinləyib, qaldırdıqları məsələlərə münasibət bildirib.
Komitə sədrinin müavinləri, aparat rəhbəri, şöbə müdirləri də qəbul cədvəli əsasında videoqəbullar keçiriblər. Bu videoqəbullar zaman vətəndaşlarla görüntülü telefon əlaqəsi yaradılıb, onların müraciətləri dinlənilib.
Vətəndaşların bütün müraciətləri müvafiq qaydada rəsmiləşdirilib. Vətəndaşların müraciətlərinə diqqətlə və həssaslıqla baxılır, müraciətlərdə göstərilən məsələlərin həlli üçün zəruri tədbirlər görülür.
Xüsusi karantin rejiminin tətbiqi, insanlar arasında fiziki təmasın məhdudlaşdırılması ilə əlaqədar olaraq Dövlət Komitəsinin rəsmi “Facebook” səhifəsində “Virtual qəbul otağı” layihəsi keçirilib. “Virtual qəbul otağı”nda ilk canlı yayım martın 19-da təşkil edilib. Komitə tərəfindən atılmış bu addım məcburi köçkünlər tərəfindən rəğbətlə qarşılanıb. Belə ki, “Virtual qəbul otağı”nda keçirilən hər canlı yayımda məcburi köçkün onları maraqlandıran məsələlərlə bağlı Dövlət Komitəsinin məsul əməkdaşlarına suallarını ünvanlayıb. Bundan başqa, vətəndaşlardan bir çoxu səhifənin rəy bölməsinə müraciət yazıb. Müraciətlərin bir qismi canlı yayımda səsləndirilib və cavablandırılıb. Müraciətləri araşdırma tələb edən vətəndaşlara isə araşdırmadan sonra məlumat verilib.
Koronavirus pandemiyası ilə əlaqədar yaranmış fövqəladə şəraitdə, karantin rejiminin davam etdiyi, iş yerlərinin müvəqqəti bağlandığı, sosial təcridin vacibliyi ilə əlaqədar əhalinin böyük əksəriyyətinin evdə qaldığı bir vaxtda Dövlət Komitəsi xüsusi sosial qayğıya ehtiyacı olan məcburi köçkünləri müəyyənləşdirib və onlara maddi yardım göstərilməsini təmin edib. Karantin rejimi müddətində komitə tərəfindən məcburi köçkün ailələlərinə ərzaq payı verilib. Həmçinin Nazirlə Kabineti yanında yaradılmış Operativ Qərargahın tələblərinə uyğun olaraq, 65 yaşdan yuxarı vətəndaşları küçəyə çıxmasına qadağa qoyulması ilə əlaqədar, Dövlət Komitəsinin Mənzil İstismar Departamenti tərəfindən məcburi köçkün qəsəbələrində yaşı 65 yuxarı olan və tənha yaşayan şəxslər, həmçinin aztəminatlı ailələr müəyyənləşdirilib və onlara yardım edilib. Onu da qeyd edək ki, komitəyə sosial şəbəkə və elektron poçt vasitəsi yardım üçün edilən müraciətlər də dərhal nəzarətə alınıb və müvafiq tədbirlər görülüb.
Eyni zamanda, koronavirus (COVID - 19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə paytaxtda və bölgələrdə məcburi köçkünlərin müvəqqəti məskunlaşma yerlərində dezinfeksiya işləri həyata keçirilir.
Dövlətimizin başçısının göstərişlərinin, Nazirlər Kabinetinin yanında Operativ Qərargahın tələblərinin icrası komitə rəhbərliyi tərəfindən şəxsən nəzarətdə saxlanılır.
Sevinc