Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Anna Hakopyan ucuz və saxta vətənpərvərlik oyunları ilə məşğuldur



Newscenter.az.3.09.2020. Paşinyanın həyat yoldaşı Anna Hakopyanın Qarabağdakı hərbi təlimlərə qatılması, əlində kalaşnikov avtomatı ilə şəkillər çəkdirməsi nəinki dünyada, hətta Ermənistanın özündə belə gülüş doğurur. Çünki hər kəsə aydındır ki, Anna Hakopyan ucuz və saxta vətənpərvərlik oyunları ilə məşğuldur.

Daim “sülh” çağırışı edən birinci xanımın əlində kalaşnikovla Qarabağda jest etməsi sülhə deyil, təcavüzkarlığa, işğalçılığa işarədir. Hər kəsə aydındır ki, 2016-cı il aprel döyüşlərindən, 2018-ci il Günnüt əməliyyatından, nəhayət 2020-ci ildə Tovuz təxribatından sonra Ermənistanda orduya olan inam və güvən tamamilə itib. Son təxribatlara Azərbaycan ordusu tərəfindən verilmiş sarsıdıcı cavabdan sonra isə ümumiyyətlə ordu daxilində parçalanmalar genişləndi, fərarilik artdı. Hətta, elə bir gün yoxdur ki, erməni əsgər anaları Yerevanda aksiya keçirməsinlər. Onların etirazı məhz pis vəziyyətdə olan ordudakı özbaşınalıq, dərəbəyliklə əlaqədardır. Bu səbəbdən də, Anna Hakopyan bu cür ucuz və saxta vətənpərvərlik şouları ilə həmin anaları sakitləşdirməyə, erməni cəmiyyətinə mesaj ötürməyə çalışır. Eyni zamanda hakimiyyətə gələrkən verdiyi populist vədlərin heç birini yerinə yetirə bilməyən Paşinyanın da xalqın etimadını tamamilə itirmiş durumda olması faktdır. Görünür, Anna Hakopyan bütövlükdə iflas həddində olan Paşinyan totalitarizminə haqq qazandırmaq niyyətindədir. Amma gözlənildiyi kimi, onun bu hərəkəti tam əks reaksiya verdi və Anna Hakopyanın Qarabağdakı hərbi təlimlərə qatılması sosial şəbəkələrdə, xüsusilə ermənilər tərəfindən ciddi şəkildə tənqid olundu.

Bütün bunların fonunda iddia olunur ki, Anna Hakopyan bu jesti ilə Livandan, Suriyadan köçürülən və böyük ehtimalla Paşinyanın könüllü ordusuna yazılan ailələrə mesaj ötürür. Bunu hər kəs başa düşür və heç kəs 14 aylıq Zəhranın erməni qatillərini unutmayıb. Heç kəs unutmayıb ki, 2017-ci il iyulun 4-də Ermənistan silahlı qüvvələrinin minaatanlar və dəzgahlı qumbaraatanlar vasitəsilə təxribat törətməsi nəticəsində 14 aylıq Zəhra Quliyeva və nənəsi Sahibə Quliyeva qətlə yetirilib. Eyni zamanda, partlayıcı qurğu quraşdırılmış "itəbənzər" uşaq oyuncağının Ermənistan təxribatçıları tərəfindən Əlibəyli kəndinə daxil olan Tovuz çayına buraxılması nəticəsində ermənilərin əl işi olan partlayıcı qurğunun işə düşməsi ilə 1998-ci il təvəllüdlü Şahmalıyeva Aygün Zirəddin qızı həlak olub. Eləcə də, cəbhə xətti yaxınlığında yerləşən Orta Qərvənd kənd sakini 9 yaşlı Fariz Bədəlovu həyətdə oynayarkən erməni snayperi tərəddüd etmədən başından güllələyib. Ortada bu cür faktlar olduğu halda uşaq qatillərinin təmsilçisi olan Anna Hakopyanın sülh çağırışları iflasa uğradığı kimi, onun ucuz və saxta vətənpərvərlik oyunları da ifşa olunmuş olur.

Sədaqət Vəliyeva-Milli Məclisin deputatı
Xəbəri paylaş