Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan lazım gələndə Rusiyadan da hesab soruşa bilir



Newscenter.az.6.09.2020. "Azərbaycanın Rusiya ilə münasibətləri bu gün, digər qonşularımız kimi, iki bərabər qonşu dövlətin münasibətləri səviyyəsindədir. Düşünürəm ki, illər boyu bu münasibətləri süni şəkildə şişirdib ölkəmizdə müəyyən qədər Rusiya xofu yaratmaq istəyən bəzi məlum quvvələr, bunu dövlətimizə və xalqımıza qarşı məqsədyönlü şəkildə ediblər".

Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən siyasi ekspert Xəyal Bəşirov deyib ki, hazırda da, həmin münasibətlərin əks istiqamətdə, yəni pisləşməsi ilə bağlı vəziyyətin kritik olmasına dair əsassız və yalan informasiyaları yayanlar da, eyni məqsədə xidmət edirlər:

"Çünki dövlətimizin bir düşməni var və bizə əlavə düşmən lazım deyil. Rusiya dövlətinin indiki və ya gələcək rəhbərliklərinin bizə münasibətinin hansı istiqamətdə dəyişəcəyi ilə bağlı tam praqnoz vermək mümkün olmasa da (əslində buna ehtiyac da yoxdur), bizi maraqlandıran əsas məqam bizim dövlətimiz və dövlət rəhbərliyi tərəfindən Rusiya ilə münasibətlərin normal qonşuluq əlaqələri səviyyəsində saxlanılması ilə bağlıdır. Digər ən mühüm məsələni də unutmaq lazım deyil ki, multikultural və tolerant dəyərlərə dövlət səviyyəsində çox böyük hörmətlə yanaşılan Azərbaycanda, ruslar yaşadığı kimi, Rusiyada da çoxlu sayda həmyerlilərimiz yaşamaqda və çalışmaqda davam edir. Bu səbəbdən də, hər il ölkəmizə böyük maliyyə vəsaitləri daxil olur. Bundan başqa, əsrlər boyu ölkələrimiz və xalqlarımız arasındakı milli mədəni əlaqələrimizin mövcudluğu zəminində yaranmış uzun müddətli münasibətlərin bir gündə qırılması mümkün deyil, hətta mümkün olsa belə bu qarşı tərəfə olduğu kimi, ölkəmizə də yaxşı nəsə vəd etmir. Həm də, biz azərbaycanlılar üçün ən əhəmiyyətli tərəfi o olmalıdır ki, bizim digər dövlətlərlə, xüsusilə də Rusiya ilə normal münasibətlərimizin olmamasını ən çox istəyən məhz, düşmənimiz olan Ermənistandır. Bəlkə də, təkcə bu amilə görə, biz bu münasibətlərin qorunub saxlanmasına çalışmalıyıq. Ancaq müstəqilliyimizə, milli-mənəvi dəyərlərimizə və işğal olunmuş ərazilərimizlə bağlı mühüm məslələrdə maraqlarımıza heç bir xələl gətirilməməsi şərti ilə".

Xəyal Bəşirov bildirib ki, son dövrlər şahidi olduğumuz kimi, Azərbaycan lazım gələndə xalqımızın, dövlətimizin və dövlətçiliyimizin maraqları ilə bağlı istənilən məsələdə digər qonşularımızla yanaşı Rusiyadan da hesab soruşa bilir, rəsmi şəkildə hansısa məqamlarla bağlı etirazını bildirir və bizə münasibətdə atılan istənilən addıma adekvat cavab vermək iqtidarındadır:

"Münasibətlərimizin bu səviyyədə qorunub saxlanılması dövlətimiz üçün ən optimal və uyğun haldır. Bir daha qeyd etmək istərdim ki, münasibətlərimizin çox yüksək səviyyədə olduğu Türkiyə ilə bağlı məsələlərdə də vəziyyətin mübaliğəli şəkildə cəmiyyətə çatdırılması, bunun bu və ya digər formada Rusiya ilə əlaqələndirilməsi və Türkiyə ilə dövlətimizin hansısa sahədə əməkdaşlıqları fonunda Rusiyaya qarşı hansısa çalarların axtarılması yanlışdır. Çünki, Azərbaycan müstəqil dövlətdir və digər dövlətlərdə olduğu kimi, Azərbaycanın da daimi düşmənləri və ya dostları olmamalıdır!
Azərbaycan dövlətinin daimi maraqları var! Uca Tanrı Azərbaycanı qorusun!"

Anar
Xəbəri paylaş