Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Deputat Emin Hacıyev: "Qəbul imtahanlarında Sumqayıt məktəbliləri yenə irəlidə"



Newscenter.az.13.09.2020. Çində ortaya çıxan və bütün dünyada milyonlarla insanın yoluxmasına səbəb olan COVİD-19 bütün sahələr kimi təhsil sistemini də təsiri altına saldı və bu sahəyə yeni qaydalar gətirdi. Xüsusilə şagirdlərin alışmadığı uzaqdan təhsil həyatımızın bir parçasına çevrildi. Mütəxəssislərə görə, planlaşdırılmayan distant təhsilin psixoloji təsirləri az deyil. Yaşanan dəyişikliyin təhsilin gələcəyinə necə təsir edəcəyini alimlər, ekspertlər geniş müzakirə edirlər.

Təhsilimiz üçün bu qədər gözlənilməz bir şəraitdə Sumqayıt şəhərindən bu il ali məktəblərə qəbul imtahanlarında iştirak edən şagirdlərin göstərdiyi nəticələr olduqca sevindiricidir. Rəsmi məlumata görə, bu il qəbul imtahanlarında ölkə üzrə ən yüksək nəticələri yenə də Sumqayıt məktəbliləri göstəriblər.

Millət vəkili seçildiyim şəhərdə elmə, təhsilə belə böyük marağın olmasından, pandemiyanın uşaqların oxumaq həvəsini azaltmamasından qürur duydum. Onları ən çətin vəziyyətdə qalib olmağı bacaran qəhrəmanlar hesab edirəm.

Bildirilir ki, bu il qəbul imtahanlarında 2385 abituriyent iştirak edib. Onlardan 118 abituriyent 600-dən yuxarı bal toplayıb.
Məktəblər üzrə təsnifatla bağlı verilən məlumat isə belədir: Təbiət elmləri təmayüllü gimnaziyadan 26, Texniki və təbiət elmləri liseyindən 15 abituriyent, İstedad liseyindən 8, 12 nömrəli tam orta məktəbdən 9, 31 nömrəli tam orta məktəbdən 7, Təfəkkür liseyindən 6, 35 nömrəli tam orta məktəbdən 6, 4 nömrəli tam orta məktəbdən 5 abituriyent 600-dən yuxarı bal toplayıb.

Təbiət elmləri təmayüllü gimnaziyada abituriyentlərin 44,8 faizi, Texniki və təbiət elmləri liseyində 26,3 faizi, İstedad liseyində 22,8 faizi, 40 nömrəli tam orta məktəbdə 22,2 faizi, Təfəkkür liseyində 17 faizi, 12 nömrəli tam orta məktəbdə 12,5 faizi, 31 nömrəli tam orta məktəbdə 10 faizi 600-dən yuxarı bal toplayıb.

Sumqayıt təhsil sisteminin uğuru burada istənilən şəraitdə yeni nəslə və təhsilə münasibətdə ciddi məsuliyyət hissinin olduğunun ən bariz nümunəsidir.

Yaxın günlərdə yüksək bal toplayaraq tələbə adını qazanan sumqayıtlı gənclərlə görüşüb onları təbrik etməyi və təhsillərində uğurlar arzulamağı planlaşdırıram.

Emin Hacıyev-Milli Məclisin deputatı
Xəbəri paylaş